Bakı. Trend:
Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) və iqlim öhdəliklərinin həyata keçirilməsi üçün ölkələr arasında əməkdaşlıq və inteqrasiya olunmuş yanaşma gücləndirilməlidir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Böyük Britaniya Lordlar Palatasının üzvü, Birlik Təşkilatının sabiq baş katibi Patrisiya Skotland “2026 Bakı İqlim Fəaliyyəti Həftəsi” (BCAW 2026) çərçivəsində deyib.
O bildirib ki, inkişaf məsələlərinə yanaşma ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən “silo” modelindən inteqrasiya olunmuş, bərpaedici və kompleks yanaşmaya keçib.
“Biz inkişaf məsələlərinə yanaşma tərzimizi dəyişmişik. Ən yaxşı yanaşma sübutlara əsaslanan yanaşmadır. Bunun üçün məlumatlara ehtiyacımız var. Lakin bu məlumatlar inteqrasiya olunmalıdır. Çünki əvvəl istifadə etdiyimiz ayrı-ayrı sahələrə bölünmüş yanaşma bizə vəziyyətin tam mənzərəsini göstərmirdi”, - deyə o bildirib.
Patrisiya Skotland qeyd edib ki, Birlik Təşkilatında 56 ölkəni əhatə edən təcrübə əsasında müxtəlif ölkələrin fəaliyyətinin qiymətləndirilməsi üçün müstəqil və kollektiv təhlil mexanizmi yaradılıb.
“Biz yaxşı idarəçiliyin qiymətləndirilməsi üçün müstəqil kollektiv təhlil hazırladıq. Müəyyən etdik ki, fəaliyyətin 80 faizi yaxşı sistemin mövcudluğundan asılıdır. Bu sistem müxtəlif ölkələrdə nəyin işlədiyini və inteqrasiya olunmuş sistemin necə qurulmalı olduğunu göstərən təcrübədən formalaşdırılıb”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, fəaliyyətin qalan 20 faizi isə insan amilindən asılıdır və bunun 80 faizini liderlik təşkil edir.
“Yəni yaxşı insanlarınız olsa belə, əgər sisteminiz zəifdirsə, səmərəli nəticə əldə edə bilməyəcəksiniz. Yaxşı lider və yaxşı sistem olduqda isə yüksək nəticə əldə etmək mümkündür”, - deyə Skotland bildirib.
O əlavə edib ki, Birlik ölkələrinin hər biri üzrə DİM-lərin icrası, rəqəmsal idarəçilik, yaşıl iqtisadiyyat və süni intellekt sahələrində fəaliyyət göstəriciləri də təhlil edilib.
“Ən böyük dəyişikliklərdən biri budur ki, artıq ölkələr arasında rəqabətin getdiyini düşünmürük. Əsl rəqabət birlikdə üzləşdiyimiz təhdidlərə qarşıdır. Biz bunu birlikdə həyata keçirməli olduğumuzu anlayırıq”, - deyə o qeyd edib.
Patrisiya Skotland iqlim maliyyələşdirilməsi sahəsində də ölkələrin birgə fəaliyyətinin vacibliyini vurğulayıb.
“Biz ayrı-ayrı fəaliyyət göstərməkdən inteqrasiya olunmuş işə keçməli və bunu tamamilə praktiki şəkildə həyata keçirməliyik. Birlikdə işlədikdə, maliyyə və resurslarımızı birləşdirdikdə daha çox iş görə bilərik. Hazırda milyardlarla dollar vəsaitin səmərəsiz istifadə edildiyini görürük”, - deyə o bildirib.
O, Birlik Təşkilatının İqlim Maliyyəsinə Çıxış Mərkəzinin fəaliyyətini nümunə göstərib.
“8,4 milyon dollar vəsaitlə üzv ölkələrə 594 milyon dolların yönəldilməsinə nail olmuşuq. Hazırda əsas problem budur ki, insanlar ‘pul var, amma ölkələrimiz həmin vəsaitə çıxış əldə edə bilmir’ deyirlər”, - deyə Skotland vurğulayıb.
Onun sözlərinə görə, bunun üçün ölkələrin daxilində potensialın gücləndirilməsi, əlverişli proseslərin yaradılması və maliyyələşdirilə bilən, yəni banklar və fondlar üçün cəlbedici layihələrin hazırlanması vacibdir.
Patrisiya Skotland qeyd edib ki, Birlik Təşkilatının İqlim Maliyyəsinə Çıxış Mərkəzinin dəstəyi ilə Adaptasiya Fondu, Yaşıl İqlim Fondu və digər fondlara təqdim edilən müraciətlərin heç biri uğursuz olmayıb.
“Bizim artıq bir metodologiyamız var və bunu həyata keçirə bilərik. Lakin bunu mütləq birlikdə etməliyik. Uğurlara diqqət yetirməli və bunun mümkün olmadığını düşünməməliyik. Bizdə maliyyə var və ölkələrə maliyyələşdirilə bilən layihələr hazırlamağa kömək edəcək sistem və alətlər yarada bilərik”, - deyə o əlavə edib.
Qeyd edək ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) üçüncü günü keçirilir.
Üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.
