Bakı. Trend:
Azərbaycan COP29-a çox uğurlu ev sahibliyi edib və tədbirdən sonra iqlim gündəliyi üzrə mühüm konkret addımlar atılıb.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ətraf Mühit Komitəsinin sədri Mehmet Qalib Ensarioğlu “2026 Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)” çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, qlobal proseslər fonunda iqlim siyasətində əsaslı dəyişikliklərə ehtiyac var.
“COP29-da iştirak etdik və Azərbaycanda keçirilən tədbirin çox uğurlu təşkilinə şahid olduq. Azərbaycanda keçirilən COP29-dan sonra iqlim gündəliyi ilə bağlı çox konkret addımlar atıldı. Xüsusilə iqlim maliyyələşdirilməsi ilə bağlı uzun müddət müzakirə olunan mühüm qərar qəbul edildi. Təşkilatçılıq baxımından da COP29 mükəmməl idi”, - deyə M.Q.Ensarioğlu vurğulayıb.
O qeyd edib ki, Türkiyə COP31-ə ev sahibliyi edərkən Azərbaycanın COP29-da nümayiş etdirdiyi uğurlu təşkilatçılıq təcrübəsindən nümunə götürəcək.
“İnşallah, Türkiyə də Azərbaycan kimi mükəmməl təşkilatçılıqla, konkret addımların atılacağı mühüm COP-a ev sahibliyi edəcək. Bu sahədə əməkdaşlığımız da davam edəcək”, - deyə o bildirib.
M.Q.Ensarioğlu COP31-ə hazırlıq prosesində ölkələr arasında iqlim həmrəyliyinin vacibliyini də qeyd edib.
“Bu baxımdan COP31-ə hazırlıq dövründə ölkələrin iqlim həmrəyliyi zəruridir. Türkiyənin son illərdəki təcrübəsi bu kontekstdə nümunələrdən biri hesab oluna bilər. Ölkəmizdə son 10 ildə beynəlxalq iqlim siyasəti çərçivəsində bir sıra qərarlar qəbul edilib. 2025-ci ildə Türkiyədə ilk iqlim qanununun qəbul edilməsini xüsusi vurğulamaq olar”, - deyə TBMM komitəsinin sədri bildirib.
Onun sözlərinə görə, iqlim məsələləri üzrə beynəlxalq əməkdaşlığın, o cümlədən parlamentlərarası əməkdaşlığın gücləndirilməsi vacibdir.
“Bu mövzuda beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, həmçinin parlamentlər səviyyəsində iqlim məsələləri ətrafında əməkdaşlığın daha da inkişaf etdirilməsinə ehtiyac var”, - deyə M.Q.Ensarioğlu vurğulayıb.
O, Türkiyənin COP31-ə ev sahibliyi etməsinin iqlim məsələləri üzrə beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm imkan yaradacağını bildirib.
“Düşünürük ki, COP31 iqlim məsələləri üzrə beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi üçün mühüm platforma olacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) üçüncü günü keçirilir.
Üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.
