Bakı. Trend:
Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilib.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, açılış mərasimində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, BMT rəsmiləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək bildirib ki, Azərbaycan iqlim dəyişikliyinin təsirlərini, o cümlədən Xəzər dənizinin son illərdə əhəmiyyətli dərəcədə geri çəkilməsini aydın şəkildə müşahidə edir.
Nazir bildirib ki, planet sürətli ekoloji dəyişikliklərə məruz qalır və iqlim dəyişikliyinin reallıqları artıq fərziyyə deyil.
“İqlim dəyişikliyinin reallıqları artıq sadəcə fərziyyə deyil. Onlar bütün dünyada, o cümlədən Azərbaycanda aydın şəkildə görünür. Bunun bir nümunəsi Xəzər dənizidir: o, son iki ildə əhəmiyyətli dərəcədə geri çəkilib. Bu gün Xəzər sahili boyunca, gözəl Bakı bulvarı ətrafında gördüyünüz sahil xətti cəmi bir neçə onillik əvvəlki sahil xətti deyil”, - deyə C.Bayramov vurğulayıb.
Onun sözlərinə görə, iqlim dəyişikliyinin artan təsirləri milli iqtisadiyyatlara və dövlət maliyyəsinə əlavə maliyyə təzyiqi yaradır.
“Qlobal qeyri-sabitlik, münaqişələr və bazar tərəddüdləri bu təzyiqləri daha da artırır. Bu proseslər iqtisadi şaxələndirməni və enerjidə davamlılığı milli təhlükəsizlik, iqtisadi sabitlik və uzunmüddətli davamlılıq üçün daha da vacib edir”, - nazir qeyd edib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Proqramların Əlaqələndirilməsi üzrə baş direktoru Daniele Violetti isə çıxışında bildirib ki, BMT-nin iqlim prosesi hazırda mühüm nəticələrin əldə olunduğu mərhələdədir.
“COP29 sədrliyi yeni Kollektiv Miqdarlaşdırılmış İqlim Maliyyəsi Hədəfini (NCQG) təqdim etdi və Paris Sazişinin 6-cı maddəsi çərçivəsində beynəlxalq karbon bazarları üçün qaydaları yekunlaşdırdı. Bu qərarlar inkişaf etməkdə olan ölkələr üçün yeni maliyyə axınları açmaqla yanaşı, onların emissiyaların azaldılması hədəflərinə daha səmərəli şəkildə çatmasına imkan yaradır”, - deyə D.Violetti qeyd edib.
UNFCCC rəsmisi Bakıda keçirilən İqlim Həftəsində yenidən bir araya gəlməyin mühüm əhəmiyyət daşıdığını vurğulayıb və Azərbaycanın qonaqpərvərliyinə təşəkkür edib.
“Azərbaycanın səmimi qonaqpərvərliyinə və dünyanı praktiki iqlim həlləri ətrafında toplamaq istiqamətində davamlı öhdəliyinə görə təşəkkür edirik”, - deyə o bildirib.
COP30-un icraçı direktoru və Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni öz növbəsində qeyd edib ki, Bakı İqlim Həftəsi növbəti tədbir olmaqdan daha çox, iqlim üzrə icra prosesində mühüm mərhələdir.
“Bu həftə həqiqətən də çox vacibdir. Biz icra onilliyinə başladıq. Bakıda keçirilən iqlim fəaliyyəti gündəliyi bizi icra prosesində bir addım da irəliyə aparacaq. Çünki biz bu regionda və bu ölkədə icraçılara daha yaxınıq. İqlim həftələrinin əhəmiyyəti də məhz bundadır”, - deyə o bildirib.
A.Toni qeyd edib ki, COP30 çərçivəsində İqlim Liderləri komandası, COP29, COP31 və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) ilə birlikdə iqlim gündəliyinin yenidən təşkilinə və iqlim həftələrinin bu prosesə töhfəsinin artırılmasına çalışılıb.
“Biz hər kəsin prioritet hesab etdiyi mövzuları dəyişərək COP-dan COP-a keçməyə davam edə bilmərik. Məhz buna görə də birlikdə işlədiyimiz 6 istiqamət üzrə 5 illik plan barədə razılığa gəldik və indi icranı sürətləndirmək üçün çox güclü planlarımız var”, - deyə COP30-un icraçı direktoru vurğulayıb.
Qeyd edək ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) üçüncü günü keçirilir.
Üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.
