İqlim dəyişiklikləri ilə mübarizədə dövlət və özəl sektorun əməkdaşlığı gücləndirilməlidir - İv Leterm

Yaşıl iqtisadiyyat Xəbər 9 Sentyabr 2026 10:53 (UTC +04:00)
İqlim dəyişiklikləri ilə mübarizədə dövlət və özəl sektorun əməkdaşlığı gücləndirilməlidir - İv Leterm
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişiklikləri ilə mübarizədə dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, vətəndaşların fərdi davranışlarının dəyişdirilməsi üçün daha çox alətin yaradılması və iqlim siyasətinin icrasının müstəqil şəkildə qiymətləndirilməsi vacibdir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Belçikanın sabiq Baş naziri İv Leterm “2026 Bakı İqlim Fəaliyyəti Həftəsi" (BCAW 2026) çərçivəsində deyib.O bildirib ki, iqlim dəyişikliklərinin yaratdığı problemlərin həllində təxminən 8 milyard insanın qərarvermə imkanlarından istifadə edilməlidir.

“Vətəndaşların davranışlarına və qərarlarına təsir etmək üçün onların potensialını səfərbər etmək istiqamətində böyük irəliləyiş əldə etmişik. İnsanların gündəlik həyatında istifadə etdiyi müxtəlif alətlər, o cümlədən bank xidmətləri, enerji istehlakının izlənməsi və rəqəmsal platformalar iqlim məqsədlərinə xidmət edə bilər. Lakin bu sahədə hələ də böyük potensial var”, - deyə Leterm bildirib.

Onun sözlərinə görə, COP31 çərçivəsində vətəndaşların davranışlarına təsir edən və onların gündəlik fəaliyyətlərinin iqlimə təsirini izləməyə imkan verən rəqəmsal alətlərin inkişafına diqqət artırıla bilər.

“Bu məsələdə özəl sektor əsas hərəkətverici qüvvədir. Lakin hüquqi çərçivənin yaradılması, stimulların genişləndirilməsi və bu alətlərə çıxışın təmin olunması baxımından dövlət qurumlarının da mühüm rolu var”, - deyə o vurğulayıb.

İv Leterm iqlim siyasətində yalnız hədəflərin müəyyənləşdirilməsinin deyil, onların icrasının və nəticələrin müstəqil şəkildə qiymətləndirilməsinin vacibliyini qeyd edib.

“Problemi bilirik, vasitələrimiz və çoxsaylı həllərimiz var. Buna görə də əsas məsələ prosesdir. Bu prosesdə faktiki vəziyyət, əldə olunan nəticələr, həllərin keyfiyyəti və irəliləyiş barədə müstəqil hesabatların hazırlanmasında çatışmazlıq var”, - deyə sabiq Baş nazir bildirib.

O qeyd edib ki, ölkələrin iqlim məqsədlərinə nail olmaq istiqamətində fəaliyyətinin müstəqil şəkildə qiymətləndirilməsi şəffaflığı və ictimaiyyətin qərarvermə prosesinə inamını artıra bilər.

“IPCC çərçivəsində hər bir ölkənin və regionun nə etdiyini, qarşıya qoyulmuş hədəflərə çatmaq baxımından necə fəaliyyət göstərdiyini müstəqil şəkildə qiymətləndirmək imkanının yaradılması şəffaflıq və görünürlük baxımından faydalı ola bilər”, - deyə Leterm qeyd edib.

Onun sözlərinə görə, belə müstəqil qiymətləndirmələr cəmiyyətin iqlim siyasətinə münasibətini və qərarların legitimliyini də gücləndirə bilər.

“Ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizədə yaxşı və ya pis nəticə göstərdiyini daha çox eşitmək istərdim. Bu, insanların gündəlik həyatında ən vacib məsələlərdən biridir. Müxtəlif beynəlxalq qurumların hər il müstəqil şəkildə ölkələrin hansı mövqedə olduğunu göstərməsi qərarların legitimliyini və ictimai müzakirələrə sahibliyi artıra bilər”, - deyə o bildirib.

İv Leterm həmçinin iqlim məsələlərinin idarə edilməsinin gücləndirilməsi istiqamətində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təkliflərinin əhəmiyyətini vurğulayıb.

“OECD-nin yaşıl idarəçiliklə bağlı Fəaliyyət Planında çox yaxşı təkliflər var. Düşünürəm ki, iqlim məsələlərinin idarə edilməsinin gücləndirilməsi üçün bu təkliflər həyata keçirilməlidir”, - deyə o əlavə edib.

Sabiq Baş nazir çıxışının sonunda COP29-un Azərbaycan sədrliyini yüksək qiymətləndirib və COP31-ə hazırlıq prosesində Türkiyənin rolunu qeyd edib.

Qeyd edək ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) üçüncü günü keçirilir.

Üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti