Bakı İqlim Həftəsi iqlim öhdəliklərinin icrasını sürətləndirmək üçün mühüm mərhələdir - Ana Toni

Yaşıl iqtisadiyyat Xəbər 9 Sentyabr 2026 12:27 (UTC +04:00)
Bakı İqlim Həftəsi iqlim öhdəliklərinin icrasını sürətləndirmək üçün mühüm mərhələdir - Ana Toni
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı İqlim Həftəsi iqlim öhdəliklərindən konkret həllərə, həllərdən icraya və icradan ölçülə bilən nəticələrə keçidi sürətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu COP30-un icraçı direktoru və Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni Bakıda IV İqlim Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakı İqlim Həftəsi növbəti tədbir olmaqdan daha çox, iqlim üzrə icra prosesində mühüm mərhələdir.

“Bu həftə həqiqətən də çox vacibdir. Biz icra onilliyinə başladıq. Bakıda keçirilən iqlim fəaliyyəti gündəliyi bizi icra prosesində bir addım da irəliyə aparacaq. Çünki biz bu regionda və bu ölkədə icraçılara daha yaxınıq. İqlim həftələrinin əhəmiyyəti də məhz bundadır”, - deyə o bildirib.

A.Toni qeyd edib ki, COP30 çərçivəsində İqlim Liderləri komandası, COP29, COP31 və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) ilə birlikdə iqlim gündəliyinin yenidən təşkilinə və iqlim həftələrinin bu prosesə töhfəsinin artırılmasına çalışılıb.

“Biz hər kəsin prioritet hesab etdiyi mövzuları dəyişərək COP-dan COP-a keçməyə davam edə bilmərik. Məhz buna görə də birlikdə işlədiyimiz 6 istiqamət üzrə 5 illik plan barədə razılığa gəldik və indi icranı sürətləndirmək üçün çox güclü planlarımız var”, - deyə COP30-un icraçı direktoru vurğulayıb.

O bildirib ki, iqlim üzrə çoxtərəfli prosesin mühüm hissəsi UNFCCC çərçivəsində qəbul edilən konsensus qərarlarıdır və son 10 ildə Paris Sazişinin çərçivəsinin formalaşdırılması istiqamətində böyük işlər görülüb.

“İndi bizə lazım olan əsas məsələ icranı sürətləndirməkdir. Məhz buna görə də COP30-da razılaşdırılmış və Qlobal Qiymətləndirmə (Global Stocktake) ilə əlaqəli olan 5 illik plan çox vacibdir”, - A.Toni deyib.

Onun sözlərinə görə, Bakıdakı iqlim həftəsi qlobal prosesləri onların icra olunduğu regionlara, sektorlara və aktorlara yaxınlaşdırmağa imkan verir.

A.Toni qeyd edib ki, tədbir çərçivəsində keçirilən icra laboratoriyaları konkret problemlərin həllinə yönələcək.

“İcra laboratoriyaları icranı yalnız mücərrəd şəkildə müzakirə etməyəcək. Onlar konkret problemləri nəzərdən keçirəcək, məsələn, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, elektrifikasiya üçün maliyyə imkanlarını açacaqlar. Həmçinin tikinti materiallarının dekarbonizasiyası və ağır sənaye üçün dövlət satınalmalarına baxacaqlar”, - deyə o bildirib.

COP30-un icraçı direktoru əlavə edib ki, əsas məqsəd öhdəliklərdən həllərə, həllərdən icraya və icradan ölçülə bilən nəticələrə keçidi təmin etməkdir.

A.Toni COP sədrliyi, iqlim çempionları və UNFCCC ilə əməkdaşlıq çərçivəsində COP30-dan sonra görülən işlərin qiymətləndirildiyini də diqqətə çatdırıb.

“İcranın ləngidiyi yerlərdə bunun səbəbini tapmalı və bəzi problemləri aradan qaldırmaq üçün birlikdə nə edə biləcəyimizi müəyyənləşdirməliyik”, - deyə o qeyd edib.

O, COP31-in COP30-da hazırlanmış 6 istiqamətli çərçivəni mənimsəməsini, icranın irəlilədilməsi üçün öz prioritetlərini, təcililiyini və praqmatizmini ortaya qoymasını müsbət qiymətləndirib.

A.Toni COP31 üçün müəyyənləşdirilən elektrifikasiya, sıfır tullantı, körpü və ərzaq təhlükəsizliyi kimi prioritetlərin iqlim fəaliyyətinin icrasını sürətləndirmək baxımından əsas mövzular olduğunu bildirib.

Onun sözlərinə görə, COP31-də iqlim fəaliyyəti gündəliyini dəstəkləmək məqsədilə pavilyonların açılması da planlaşdırılır.

“Braziliya olaraq, bir addım da irəli gedə bilməyimiz üçün istənilən ölkədən olan iqlim gündəliyi tədbirlərini qarşılamaq üçün pavilyonumuzu açacağıq”, - deyə A.Toni bildirib.

O vurğulayıb ki, Bakı COP31-dən əvvəl sadəcə növbəti dayanacaq deyil.

“Bu, icra prosesində mühüm bir mərhələdir. Gəlin bu iki gündən icranı sürətləndirmək üçün ehtiyac duyduğumuz həllərə, maneələrə, imkanlara və maliyyəyə çox konkret şəkildə baxmaq üçün istifadə edək”, - deyə A.Toni əlavə edib.

Xəbər lenti

Xəbər lenti