"Yaşıl enerji"yə keçid geri dönüşü olmayan prosesdir - Bəxtiyar Aslanbəyli

Yaşıl iqtisadiyyat Xəbər 9 Sentyabr 2026 15:40 (UTC +04:00)
"Yaşıl enerji"yə keçid geri dönüşü olmayan prosesdir - Bəxtiyar Aslanbəyli
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Yaşıl enerji"yə keçid geri dönüşü olmayan prosesdir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bp və tərəfdaşlarının bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində yerli mütəxəssislərin inkişafına dəstək məqsədilə həyata keçirdiyi yeni sosial sərmayə layihəsinin təqdimat mərasimində deyib.

O, əvvəlcə bildirib ki, elektrik avtomobilləri ilə bağlı skeptik yanaşmalardan biri onların istifadə etdiyi elektrik enerjisinin istehsalında təbii qaz kimi xammallardan istifadə olunmasıdır.

“Elektrik avtomobillərindən istifadə ilə bağlı skeptik düşüncələrdən biri onların istifadə etdiyi elektrikin istehsalında təbii qaz kimi xammallardan yararlanılmasıdır. Lakin ənənəvi daxiliyanma mühərrikli avtomobillərin tullantıları ilə elektrik enerjisi istehsalında təbii qazdan istifadə nəticəsində yaranan tullantıların müqayisəsi göstərir ki, aradakı fərq dəfələrlə azdır”, – deyə B. Aslanbəyli bildirib.

O qeyd edib ki, analoji vəziyyət binaların və mənzillərin qızdırılmasında da müşahidə olunur.

“Evdə birbaşa qaz yandırılması nəticəsində yaranan tullantılarla elektrik enerjisindən istifadə zamanı yaranan tullantılar arasında, hətta həmin elektrik enerjisi fosil yanacaqdan əldə edilsə belə, dəfələrlə fərq var. Bu fakt yaşıl enerjiyə keçidin qaçılmaz və geri dönüşü olmayan bir yol olduğunu göstərir”, – deyə bp-nin vitse-prezidenti vurğulayıb.

B. Aslanbəyli bildirib ki, enerji keçidi prosesində ölkənin insan kapitalının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

“Keçidin nə vaxt baş verməsindən asılı olmayaraq, bu sahədə ixtisaslaşmış insan kapitalının, bilik, bacarıq və təcrübənin formalaşdırılması enerji sektorunun strategiyasının və ölkənin strateji təhlükəsizlik maraqlarının bir hissəsidir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın neft-qaz sektorunda əldə etdiyi tarixi təcrübə bərpa olunan enerji sahəsində kadr hazırlığının əvvəlcədən planlaşdırılmasının vacibliyini göstərir.

“1994-cü ildən sonra yeni neft strategiyası icra olunmağa başlayanda müasir texnologiyalarla tanış olan yerli mütəxəssislərimiz kifayət qədər deyildi və kənardan mütəxəssislər cəlb etmək məcburiyyətində qalırdıq. Bərpa olunan enerji sahəsində analoji vəziyyətlə qarşılaşmamaq üçün kadr potensialı vaxtında və məqsədyönlü şəkildə planlaşdırılmalıdır”, – B. Aslanbəyli deyib.

O bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən təlimlər yerli bacarıqları beynəlxalq təcrübə ilə birləşdirir.

“Bu təlimlərə "Renewables Academy" (RENAC) kimi təcrübəli beynəlxalq qurumlar cəlb olunur. Məqsəd yerli təlimçilər formalaşdırmaq, beynəlxalq bilikləri ölkə daxilində yaymaq və RENAC-ın birgə sertifikasiyası ilə proqramı davam etdirməkdir”, – deyə o vurğulayıb.

B. Aslanbəyli bərpa olunan enerji və kadr hazırlığı istiqamətində həyata keçirilən digər layihələr barədə də məlumat verib.

O qeyd edib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bərpa Olunan Enerji Mərkəzi yaradılıb. bp və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Böyük Britaniyanın Uorvik Universiteti ilə ADNSU arasında magistratura səviyyəsində ikili diplom proqramı həyata keçirilir.

“Bu proqram üzrə artıq bir buraxılış olub və gələcəkdə də qəbul davam etdiriləcək”, – deyə B. Aslanbəyli bildirib.

Onun sözlərinə görə, peşə təhsili istiqamətində də mühüm işlər görülür.

“Partnyorlarla birlikdə iki peşə məktəbində günəş və külək enerjisi üzrə hazırlanan yeni kurikulumlara dəstək məqsədilə emalatxanalar formalaşdırılıb”, – deyə o qeyd edib.

B. Aslanbəyli həmçinin Bakı Ali Neft Məktəbi ilə birgə Azərbaycan dilində ilk “Bərpa olunan enerjiyə giriş” dərsliyinin hazırlandığını və ictimaiyyətə təqdim edildiyini bildirib.

Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin nəzdində enerji saxlanc sistemləri və bərpa olunan enerji ilə bağlı yeni laboratoriyanın yaradılması layihəsinə də başlanılıb.

“Ənənəvi neft-qaz və enerji şirkəti olaraq, şirkət daxilində də enerji keçidini dəstəkləyən addımlar atılır.

Azərbaycanda 30 ildən artıq fəaliyyət göstərən və növbəti 25-30 ildə də fəaliyyətini planlaşdıran bir qurum kimi, cəmiyyət qarşısında korporativ məsuliyyət hiss edirik. Bərpa olunan enerji sahəsində yeni nəsil mütəxəssislərin formalaşdırılması prioritet hədəf olaraq qalır”, – deyə B. Aslanbəyli əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti