Bakı. Trend:
Türkiyənin paytaxtı Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nümayəndələrinin, diaspor qurumlarının rəhbərlərinin, dövlət və hökumət rəsmilərinin, ekspertlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Köklərdən yollara” adlı I Müsəlman Diaspor Forumu işə başlayıb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, müsəlman diasporlarının həmrəyliyinin gücləndirilməsi, onların yaşadıqları ölkələrdə daha fəal və səmərəli fəaliyyət göstərməsi, dövlət-diaspor münasibətlərinin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın yeni imkanlarının müəyyənləşdirilməsi məqsədi daşıyan forum müxtəlif ölkələrdən olan nümayəndələri vahid platformada bir araya gətirib.
Forumda Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy,Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Musa Kulaklıkaya, Xaricdə Yaşayan Türklər və Qohum İcmalar Baş İdarəsinin sədri Abdulhadi Turus, İƏT-in Fələstin və Qüds işləri üzrə Baş katibinin köməkçisi Dawas Dawas, Pakistanın Xaricdə Yaşayan Pakistanlılar və İnsan Resurslarının İnkişafı naziri Çaudri Salik Hüseyn, İslam Ölkələri Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin baş direktoru Zəhra Zümrüt Səlçuk iştirak və çıxış ediblər.
Çıxışlarda müsəlman diasporlarının qlobal çağırışlar qarşısında daha sıx əməkdaşlığının və koordinasiyasının təmin edilməsi, diasporun potensialından daha səmərəli istifadə edilməsinin vacibliyi diqqət mərkəzinə gətirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin möhkəmləndirilməsinə, onların təşkilatlanmasının dəstəklənməsinə, milli kimliyinin qorunub saxlanılmasına və yaşadıqları ölkələrin ictimai-siyasi həyatına fəal inteqrasiyasına xüsusi önəm verdiyini bildirib. Qeyd olunub ki, ölkəmizin diaspor siyasətinə uyğun olaraq, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı icmaları ilə əlaqələrin və əməkdaşlığın genişləndirilməsinə, diaspor təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsinə, eləcə də Azərbaycan Evlərinin, həftəsonu məktəblərinin və digər diaspor institutlarının inkişafının dəstəklənməsinə xüsusi əhəmiyyət verilir. Dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edən sədr komitənin il ərzində dünyanın 70 ölkəsində 800-dən çox tədbir həyata keçirdiyini, bu təşəbbüslərin soydaşlarımızın təşkilatlanmasının gücləndirilməsinə və milli dəyərlərimizin yaşadılmasına xidmət etdiyini diqqətə çatdırıb. Bununla yanaşı, qlobal çağırışlar və sürətlə dəyişən beynəlxalq münasibətlər fonunda diaspor təşkilatlarının üzərinə düşən məsuliyyətin artdığını, ortaq tarixi, dini və mədəni dəyərlərin diaspor icmaları arasında həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm zəmin yaratdığını vurğulayıb, bildirib ki: “Bu baxımdan müsəlman diasporları arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı dəstək mexanizmlərinin yaradılması və beynəlxalq platformalarda koordinasiyalı fəaliyyətin təşviqi xüsusi əhəmiyyət daşıyır. Komitə sədri “Köklərdən yollara” mövzusunun İƏT-ə üzv ölkələrin üzərinə düşən ortaq missiyanı və prioritetləri dəqiq şəkildə ifadə etdiyini diqqətə çatdırıb: "Diaspor təşkilatları öz köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcək nəsil üçün yeni yollar da açmalıdır. Bu yollar xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmalı, diasporlarımızı tarixi vətənləri ilə əlaqələndirməli və millətlərimiz arasında əməkdaşlığı daha da gücləndirməlidir. Əminəm ki, bu dialoq zamanla konkret təşəbbüslərə, birgə layihələrə və İƏT-ə üzv dövlətlərdə diaspor məsələlərinə məsul qurumlar arasında daha dərin institusional əməkdaşlığa çevriləcək."Komitə sədri Azərbaycanın artıq Türkiyə, Qazaxıstan, Özbəkistan, Meksika, Qırğızıstan, Rumıniya və daha beş ölkə ilə bu istiqamətdə uğurlu əməkdaşlıq qurduğunu da əlavə edib.
Forum çərçivəsində müsəlman diasporlarının qarşılaşdığı aktual problemlər və onların həlli yolları, diaspor təşkilatlarının yaşadıqları ölkələrin ictimai həyatında iştirakının artırılması, dövlət qurumları ilə diasporlar arasında əlaqələrin institusional əsasda inkişaf etdirilməsi, ortaq fəaliyyət platformalarının yaradılması və müxtəlif ölkələrin uğurlu təcrübələrinin paylaşılması məsələləri geniş müzakirə olunub.
Forum panel müzakirələri ilə davam edib.
