Bakı. Trend:
İqlim dəyişikliyi artıq yalnız ekoloji problem deyil, qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Sülh yönümlü iqlim fəaliyyəti: kövrək və münaqişələrdən zərər çəkmiş ərazilərdə şəhər həlləri” mövzusunda dəyirmi masada deyib.
O bildirib ki, quraqlıqlar, ekstremal hava hadisələri və dəniz səviyyəsinin yüksəlməsi kimi iqlimlə bağlı fəlakətlərin tezliyi və intensivliyinin artması, xüsusilə münaqişələrə meyilli regionlarda yerləşən ölkələr üçün ciddi fəsadlar yaradır.
Y.Rəfiyev qeyd edib ki, Dünya Bankının məlumatlarına əsasən, müvafiq ölkələrin əhalisinin 40 faizi iqlimlə bağlı təhlükələrə məruz qalır. Bu, 142 milyon təsərrüfata və ya 527 milyon insana bərabərdir. Eyni zamanda, kövrək və iqlim baxımından həssas ölkələr adambaşına uyğunlaşma maliyyələşməsi üzrə təxminən 2,1 ABŞ dolları alır ki, bu da kövrək olmayan ölkələrdəki 18,1 ABŞ dolları ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır.
Onun sözlərinə görə, qlobal iqlim maliyyəsi arxitekturasının parçalanmış və vasitəçilərdən asılı olması əməliyyat xərclərini artırır və dəstəyin ən çox ehtiyacı olan icmalara çatdırılmasını ləngidir.
“Bu fonda COP29 Sədrliyi Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyəti üzrə Bakı Çağırışını irəli sürüb və iqlim–sülh–inkişaf əlaqəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün praktiki platforma kimi Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzini yaradıb”, - deyə Y.Rəfiyev bildirib.
COP29-un baş danışıqçısı qeyd edib ki, Mərkəzin yanaşmasının əsas komponentlərindən biri inteqrasiya olunmuş iqlim və sülh həllərini praktikada sınaqdan keçirmək və gələcək investisiyalar üçün genişləndirilə bilən modellər yaratmaq məqsədilə pilot layihələrin həyata keçirilməsidir.
O bildirib ki, pilot layihələrin icrası Birgə İşçi Qrupları vasitəsilə əlaqələndirilir. Bu qruplar milli sahibliyi gücləndirir, maraqlı tərəflər arasında koordinasiyanı asanlaşdırır və layihələrin icrasına nəzarət edir. Artıq Qambiya, Qvineya-Bisau və Çadla Birgə İşçi Qrupları yaradılıb.
Y.Rəfiyev Qvineya-Bisaunun hökumətinin liderliyini və öhdəliyini xüsusi qeyd edib. O, Qvineya-Bisau üzrə pilot layihə üçün bütün zəruri sənədlərin hazırlandığını və layihənin yaxın vaxtlarda Yaşıl İqlim Fondunun Hazırlıq Proqramına təqdim ediləcəyini açıqlayıb.
Onun sözlərinə görə, COP29-dan sonra Bakı Mərkəzi daha iki mühüm beynəlxalq təşəbbüsün həmtəşəbbüskarı olub.
Bunlardan biri Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, UN-Habitat, Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) və Bakı Mərkəzinin birgə təşəbbüsü ilə irəli sürülən “Smart, Sustainable Settlements for Safe Return Package (4SRP)” həllər təşəbbüsüdür. Təşəbbüs iqlim–sülh–inkişaf əlaqəsinə dair daha geniş yanaşmanın praktiki şəhərsalma və bərpa həllərinə çevrilməsinə xidmət edir.
Digər təşəbbüs isə Azərbaycanın Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlərinin Ümumdünya İrs Siyahısına daxil olma istiqaməti üzrə Beynəlxalq Texniki Yardım Proqramıdır. Y.Rəfiyev bildirib ki, Bakı Mərkəzi bu təşəbbüslə tərəfdaşlıq edir. Təşəbbüs Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlərinin UNESCO-nun Ümumdünya İrs Siyahısında təmsilçiliyinin az olması və iqlim dəyişikliyi ilə ətraf mühitin deqradasiyasının onların mədəni və təbii irsinə yaratdığı artan təhdidlərə cavab verməyə yönəlib.
Y.Rəfiyev qeyd edib ki, Bakı Mərkəzi sülh və təhlükəsizlik məsələlərini nəzərə alan iqlim fəaliyyətini dəstəkləməkdə davam edəcək və ölkələri, tərəfdaşları və digər maraqlı tərəfləri Mərkəzin təşəbbüslərinə qoşulmağa çağırır.
