Bakı Aleksandr Şarovski ilə vidalaşır – Görkəmli Ustad və Şəxsiyyətə son alqışlar (FOTO)

Cəmiyyət Nekroloq 9 Sentyabr 2026 14:20 (UTC +04:00)
Bakı Aleksandr Şarovski ilə vidalaşır – Görkəmli Ustad və Şəxsiyyətə son alqışlar (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında tamamilə fərqli bir sükut hökm sürür. Bu, tamaşa başlamazdan əvvəl zalda işıqların tədricən söndüyü və tamaşaçıların səhnəyə aktyorların çıxmasını nəfəs dərmədən gözlədiyi sükut deyil. Bugünkü sükut teatrı peşə deyil, taley yolu hesab edən bir insanla vida mərasimi ilə bağlıdır.

Doğma teatrında Azərbaycanın Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenlərinin kavaleri, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nun sahibi, görkəmli rejissor və aktyor Aleksandr Yakovleviç Şarovskinin vida mərasimi keçirilir. O, sentyabrın 9-da ömrünün 79-cu ilində vəfat edib.

Bu saatlarda onun həmkarları, tələbələri, dostları, mədəniyyət xadimləri və çoxsaylı pərəstişkarları buraya gəlirlər. Doğmalarına və yaxınlarına başsağlığı verilir. Uzun illər Aleksandr Şarovskini səhnədə, səhnə arxasında, məşqlərdə və tamaşaçı zalında görənlər bu gün ona son və ən vacib sözü deməyə gəliblər: "Təşəkkür!".

Tabutun yanına güllər düzülüb. Baş tərəfində isə Ustadın fotosu yerləşdirilib. Fotoda onun həyatının əlli ildən çoxunu həsr etdiyi doğma teatrın tamaşaçı zalına yönəlmiş tanış baxışları əks olunub. Məhz həyatının — sadəcə yaradıcılıq yolunun deyil.

Bakı onu məhz belə xatırlayacaq: səhnəyə sadəcə rəhbərlik etməyən, onunla yaşayan, onunla nəfəs alan, hər premyeranı, hər məşqi, hər uğuru və hər yaradıcılıq narahatlığını yaşayan teatr insanı kimi.

İnanmaq çətindir ki, artıq onun alışdığımız səsi eşidilməyəcək, səhnə arxasında cəld addım səsləri gəlməyəcək, məşqlər zamanı iradları və onun üçün heç vaxt sadəcə tamaşa olmayan əsərlər haqqında uzun söhbətləri səslənməyəcək. Onların hər birinin arxasında həyat, xarakter, insan taleyi və tamaşaçı sevgisi dayanırdı.

Aleksandr Şarovskinin taleyi təxminən yarım əsr ərzində Rus Dram Teatrı ilə ayrılmaz şəkildə bağlı olub. O, buraya gənc aktyor kimi gəlib, 50-dən çox rol oynayıb, daha sonra rejissor olub, 1993-cü ildə isə baş rejissor kimi teatra rəhbərlik etməyə başlayıb.

O, zaman keçdikcə varlığı məkanın özünün bir hissəsinə çevrilən insanlardan idi. Onun səsi, enerjisi, peşəyə qarşı tələbləri, səhnəyə münasibəti — bütün bunlar Rus Dram Teatrının tarixinin bir hissəsinə çevrilib.

Aleksandr Şarovski teatrın özünəməxsus ab-havasını qoruyub saxlamağa və onu Bakının mədəni həyatının ayrılmaz hissəsinə çevirməyə nail olub. Bir neçə tamaşaçı nəsli üçün Rus Dram Teatrı sadəcə bir teatr olmayıb — bir çox cəhətdən bu, onun teatrı idi. Xarakterinin, zövqünün, məsuliyyətinin və sənətə sonsuz sədaqətinin teatrı.

Və bu gün bir insanın taleyinin bütöv bir teatr ocağının taleyi ilə nə qədər sıx bağlı ola biləcəyini xüsusilə dərindən anlayırsan.

Aleksandr Şarovski Bakını çox sevirdi. Bu şəhəri səmimi, dərindən, bakılılara xas bir şəkildə — öz ruhunun bir parçası kimi sevirdi. O, Azərbaycanın böyük vətənpərvəri idi, hər zaman beynəlxalq platformalarda ölkənin maraqlarını müdafiə edir, ictimai həyatda fəal iştirak edir, Bakıdakı Avropa yəhudiləri icmasına rəhbərlik edirdi.

Onun üçün Azərbaycana sevgi heç vaxt gurultulu söz olmayıb. Bu sevgi onun həyatının, əməyinin və vətəndaş mövqeyinin bir hissəsi idi.

Buna görə də onun vəfatı təkcə teatr sənəti üçün böyük itki deyil. Bu, Bakının mədəni tarixinin bir hissəsinə çevrilmiş, təkrarlanması mümkün olmayan parlaq və özünəməxsus bir dövrü təcəssüm etdirən insanla vidalaşmaqdır.

Ustadları yalnız adlarına, mükafatlarına və rəsmi titullarına görə tanımırlar. Onları sənətləri ilə neçə-neçə qəlbi alovlandıra bildiklərinə və onlardan sonra neçə insanın teatrı sevməyə davam etdiyinə görə tanıyırlar.

Aleksandr Şarovski özündən sonra məhz belə bir irs qoyub.

Teatr qoyub.
Tələbələr qoyub.
Tamaşalar və rollar qoyub.
Xatirələr qoyub.
Və ən əsası — tamaşaçıların sonsuz sevgisini qoyub.

Aleksandr Şarovski İkinci Fəxri xiyabanında dəfn olunacaq.

Bu gün Rus Dram Teatrında vida sözləri səslənir. Amma bəlkə də onları son alqışlar adlandırmaq daha doğru olardı.

Çünki teatr adamı üçün başqa cür final sadəcə ola bilməz.

Təşəkkür edirik Sizə, Aleksandr Yakovleviç.

Teatra görə.
Səhnəyə sədaqətinizə görə.
Sənətin gücünə inanmağa kömək etdiyiniz insanlara görə.
Sevdiyiniz və həyatınızın bu qədər ilini həsr etdiyiniz Bakıya görə.

Qoy, Sizin xatirəniz üzərinə pərdə heç vaxt enməsin.

Çünki əsl Ustadlar səhnədən getmirlər. Onlar tamaşalarda, tələbələrində, tamaşaçılarda və onları sevən şəhərin yaddaşında yaşayırlar.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti