Bakı. Trend:
İqlim dəyişikliyi münaqişələr, məcburi köçkünlük və humanitar ehtiyaclarla üzləşən ölkələr, xüsusilə də az inkişaf etmiş ölkələr və kiçik ada dövlətləri üçün ciddi nəticələr doğurur.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29 Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən tədbirdə deyib.
O bildirib ki, iqlim dəyişikliyi həssas icmalara, yaşayış vasitələrinə, ərzaq və su təhlükəsizliyinə, inkişafa və uzunmüddətli sabitliyə əlavə təzyiq göstərir.
Muxtar Babayev qeyd edib ki, bu kontekstdə COP29 çərçivəsində Bakı İqlim və Sülh Fəaliyyət Mərkəzi (Bakı Mərkəzi) təsis edilib.
Onun sözlərinə görə, Mərkəzin məqsədi qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinə qarşı mübarizədə Yaşıl İqlim Fondunun hazırlıq proqramı vasitəsilə həssas ölkələrə dəstək göstərməkdir.
“Beynəlxalq ictimaiyyət artıq iqlim fəaliyyəti, sülh, yardım və bərpa ilə bağlı mühüm öhdəliklər götürüb. İndi isə biz onların effektiv şəkildə həyata keçirilməsini təmin etməliyik”, - deyə o bildirib.
Muxtar Babayev vurğulayıb ki, Azərbaycan iqlim və sülh gündəliyinin irəlilədilməsinə və COP29-a öz möhürünü vuran həmrəylik ruhunun qorunub saxlanılmasına sadiqdir.
