Azərbaycan strateji ekoloji qiymətləndirmə hesabına layihələrin rəqabətə davamlılığını artıra bilər - UNECE

Yaşıl iqtisadiyyat Xəbər 9 Sentyabr 2026 18:13 (UTC +04:00)
Azərbaycan strateji ekoloji qiymətləndirmə hesabına layihələrin rəqabətə davamlılığını artıra bilər - UNECE
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan strateji ekoloji qiymətləndirmə hesabına layihələrin rəqabətə davamlılığını artıra bilər.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində deyib.

Onun sözlərinə görə, gələcəyin mobilliyinin inkişafı avtomobil istehsalçılarının, mobillik sahəsində fəaliyyət göstərən şirkətlərin və texnologiya ictimaiyyətinin fəal iştirakını tələb edir.

D. Mariyasin qeyd edib ki, gələcəyin mobilliyinin formalaşdırılması böyük ölçüdə iqlim dəyişikliklərinə davamlı rəqəmsal ekosistemlərin yaradılmasında və emissiyaların azaldılmasına töhfə verilməsində mühüm rol oynayan İT sektorundan asılıdır.

“Azərbaycan üçün aktual olan nümunələrdən biri Orta Transxəzər dəhlizinin “yaşıl” dəhliz kimi inkişaf etdirilməsidir. Liman infrastrukturunun və intermodal terminalların layihələndirilməsi zamanı iqlim amilləri ən başlanğıcdan nəzərə alınmalıdır. Bu, belə obyektləri daha rəqabətə davamlı səmərəli və gəlirli etməyə imkan verir”, – deyə o bildirib.

O əlavə edib ki, strateji ekoloji qiymətləndirmə çox vaxt biznes tərəfindən dövlətin müəyyən etdiyi, əlavə tələb və ya filtr kimi qəbul edilir və bunun layihələrin rəqabət qabiliyyətini azaltdığı düşünülür.

“Əslində isə strateji ekoloji qiymətləndirmə və ətraf mühitə təsirin qiymətləndirilməsi investisiyalardır və maneə yaratmaq əvəzinə rəqabət qabiliyyətinin artırılmasına xidmət edir”, – D. Mariyasin deyib.

Onun sözlərinə görə, gələcəyin layihələri, xüsusilə ortadan-yüksək gəlir səviyyəsinə malik ölkələrdə, strateji ekoloji qiymətləndirmənin qabaqcadan tətbiqi hesabına təkmilləşdirilə bilər.

D. Mariyasin əlavə edib ki, Azərbaycan bu istiqamətdə lider mövqelərdədir.

Qeyd edək ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) üçüncü günü keçirilir.

Üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti