Bakı. Trend:
Bakı İqlim Fəaliyyəti Həftəsinin dördüncü günündə iqlim fəaliyyəti, mədəni irsin və biomüxtəlifliyin qorunması, eləcə də dayanıqlı enerji keçidi ilə bağlı üç dəyirmi masa keçirilib.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, ilk dəyirmi masa “Təsir dialoqu: submilli qurumlar” mövzusuna həsr edilib.
Müzakirədə yerli və regional səviyyədə fəaliyyət göstərən qurumların iqlim fəaliyyətində rolu, iqlim öhdəliklərinin həyata keçirilməsi və dayanıqlı inkişaf istiqamətində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Günün digər dəyirmi masasında türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması məsələləri müzakirə olunub.
“Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: ortaq ənənələrdən birgə fəaliyyətə” adlı tədbirdə ortaq mədəni irsin qorunması, ənənələrin yaşadılması, biomüxtəlifliyin mühafizəsi və bu istiqamətdə birgə fəaliyyət imkanlarının genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Günün üçüncü əsas tədbiri isə dayanıqlı enerji mərkəzlərinin iqlim dayanıqlılığının, innovasiyaların və enerji keçidinin təşviqində roluna həsr olunub. “İqlim dayanıqlılığının, innovasiyaların və enerji keçidinin təşviqində dayanıqlı enerji mərkəzlərinin rolu” mövzusunda regional dialoq çərçivəsində enerji keçidinin sürətləndirilməsi və regional əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə edilib.
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində tərəfdaş qurumların təşkil etdiyi tədbirlər də keçirilib. Bu çərçivədə “Yaşıl və rəqəmsal sosial xidmət modeli: DOST təcrübəsi” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə sosial xidmətlərin göstərilməsində yaşıl və rəqəmsal yanaşmalar, bu sahədə tətbiq olunan yeniliklər və DOST təcrübəsi təqdim edilib.
Bundan əlavə, “Yaşıl top” ağacəkmə kampaniyası keçirilib.
Qeyd edək ki, Bakı İqlim Fəaliyyəti Həftəsi sentyabrın 11-dək davam edəcək. Tədbir çərçivəsində iqlim fəaliyyəti, enerji keçidi, iqlim maliyyəsi, dayanıqlı şəhərlər, su ehtiyatları, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və digər istiqamətlər üzrə müzakirələr aparılır.
