Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır – RƏY

Yaşıl iqtisadiyyat Rəy 10 Sentyabr 2026 10:45 (UTC +04:00)
Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır – RƏY
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda İqlim Həftəsinin keçirilməsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal iştirakının və bu istiqamətdə üzərinə götürdüyü məsuliyyətin davamı kimi qiymətləndirilməlidir. Bu tədbir yalnız iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı platforma deyil, eyni zamanda dövlətləri, beynəlxalq təşkilatları, ekspertləri və digər maraqlı tərəfləri ortaq həllər ətrafında birləşdirən mühüm dialoq məkanıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, son illərdə iqlim dəyişmələri dünyanın qarşısında duran ən ciddi çağırışlardan birinə çevrilib:

“Ekstremal hava hadisələri, su ehtiyatlarının azalması, səhralaşma, meşə yanğınları və digər ekoloji problemlər göstərir ki, iqlim məsələsi artıq yalnız ətraf mühitlə bağlı mövzu deyil. Bu, eyni zamanda iqtisadi inkişaf, enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və insanların rifahı ilə birbaşa əlaqəli qlobal məsələdir.

Bu baxımdan Bakı İqlim Həftəsinin əhəmiyyəti böyükdür. Azərbaycanın belə beynəlxalq platformalara ev sahibliyi etməsi ölkəmizin iqlim diplomatiyasında qazandığı mövqenin möhkəmlənməsinə xidmət edir.

Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına — COP29-a ev sahibliyi etməsi xüsusi qeyd olunmalıdır. Dünyanın diqqətinin Bakıya yönəldiyi həmin dövrdə Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dialoqun qurulması, iqlim maliyyələşdirilməsi və qlobal iqlim problemlərinin həlli istiqamətində müzakirələr üçün mühüm platforma yaratdı”.

A.Həsənova qeyd edib ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi:

“Bu tədbir eyni zamanda ölkəmizin enerji siyasətində baş verən dəyişiklikləri və yaşıl inkişaf istiqamətində müəyyən etdiyi hədəfləri beynəlxalq ictimaiyyətə təqdim etmək üçün mühüm imkan yaratdı.

Azərbaycan ənənəvi enerji ehtiyatlarına malik ölkə olmaqla yanaşı, son illərdə bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir. Günəş və külək enerjisi sahəsində layihələrin həyata keçirilməsi, xarici investorlarla əməkdaşlığın genişləndirilməsi, yaşıl enerji zonalarının yaradılması və elektrik enerjisinin gələcəkdə yaşıl mənbələr hesabına ixracına yönələn təşəbbüslər bu siyasətin əsas istiqamətlərindəndir.

Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişaf etdirilməsi Azərbaycanın enerji transformasiyasına yanaşmasını nümayiş etdirir. Xəzər dənizinin böyük külək enerjisi potensialından istifadə edilməsi istiqamətində görülən işlər də ölkənin uzunmüddətli enerji strategiyasının mühüm hissəsidir.

Azərbaycanın məqsədi yalnız öz enerji sistemində bərpa olunan mənbələrin payını artırmaqdan ibarət deyil. Ölkəmiz regionda və daha geniş coğrafiyada yaşıl enerji əməkdaşlığının formalaşmasına töhfə verməyə çalışır. Azərbaycanın Avropa ilə yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində təşəbbüsləri də bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Hesab edirəm ki, Bakı İqlim Həftəsi COP29 zamanı yaranmış beynəlxalq dialoqun davam etdirilməsi baxımından da əhəmiyyətlidir. İqlim məsələsində əldə olunan nəticələr yalnız böyük konfranslarla məhdudlaşmamalıdır. Verilən qərarların real layihələrə, investisiyalara və uzunmüddətli əməkdaşlığa çevrilməsi vacibdir.

Azərbaycanın COP29-dan sonra da iqlim gündəliyini diqqət mərkəzində saxlaması göstərir ki, ölkəmiz bu məsələyə yalnız beynəlxalq tədbirə ev sahibliyi etmək kimi yanaşmır. Azərbaycan yaşıl enerji keçidində, regional enerji əməkdaşlığında və qlobal iqlim dialoqunda öz töhfəsini verməyə davam edir.

Bakı İqlim Həftəsi də bu siyasətin növbəti mühüm mərhələsi kimi qiymətləndirilə bilər”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti