Bakı. Trend:
Çindən olan bir qrup alim gənə dişləməsi ilə ötürülən virusun yeni növünü – Asiya uzunayaq gənəsinin nayrovirusunu (ALTNV) aşkar edib.
Tədqiqatın nəticələri "The New England Journal of Medicine" jurnalında dərc olunub.
ALTNV başqa bir xəstəliyin – trombositopeniya sindromu ilə müşayiət olunan kəskin qızdırmanın (SFTS) araşdırılması zamanı aşkar edilib. SFTS diaqnozu qoyulmuş pasiyentləri müayinə edən alimlər xəstələrin 30 faizində xəstəliyin törədicisi olan Dabie bandavirusunu aşkar edə bilməyiblər. Beləliklə, SFTS-ə bənzər simptomlara səbəb olan yeni virus müəyyən edilib.
Dabie bandavirusu kimi, ALTNV də yoluxmuş gənənin dişləməsi ilə ötürülür. Gənə dişlədikdən sonra insanda halsızlıq və həzm sisteminin fəaliyyətinin pozulması müşahidə olunur. Dabie bandavirusundan fərqli olaraq, hazırda ALTNV-yə yoluxmanın ölümə səbəb olduğu müəyyən edilməyib. Lakin hər iki virusla eyni vaxtda yoluxan 38 pasiyentdən 7-si həyatını itirib.