Bakı. Trend:
Geosiyasi gərginliklər və ənənəvi təchizat zəncirlərində yaranan fasilələr fonunda Orta Dəhlizin strateji əhəmiyyəti artır. Türkiyə isə Avropa ilə Mərkəzi Asiya və Çin arasında mühüm bağlantı rolunu oynamaqla yanaşı, İraq, Yaxın Şərq və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinə çıxış imkanları hesabına regional logistika mərkəzi kimi mövqeyini gücləndirir.
Bu barədə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) məlumat yayıb.
Məlumata görə, Türkiyədə keçirilən 11-ci İqtisadiyyat və Logistika Sammitində çıxış edən IRU prezidenti Radu Dinesku bildirib ki, geosiyasi gərginliklər və ənənəvi təchizat zəncirlərində yaranan fasilələr daha sürətli, çevik, dayanıqlı və proqnozlaşdırıla bilən nəqliyyat marşrutlarına tələbi artırır.
O qeyd edib ki, Türkiyə bu dəyişən şəraitdə əlverişli mövqeyə malikdir. Ölkə Orta Dəhliz vasitəsilə Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirir, İnkişaf Yolu və Suriya marşrutları vasitəsilə isə İraq, Yaxın Şərq və KƏŞ regionuna çıxış təmin edir.
“IRU Türkiyə ilə Avropa arasında KƏŞ ölkələrinə uzanan avtomobil nəqliyyatı dəhlizlərinin inkişafını dəstəkləyir. İraq ərazisindən keçən İnkişaf Yolu layihəsi KƏŞ, Türkiyə və Avropa arasında sürətli quru bağlantısının yaradılması baxımından mühüm strateji imkan kimi qiymətləndirilir.
İraqda TIR sisteminin tətbiqi bu marşrutun səmərəliliyini artırıb. 2025-ci ildən etibarən İraq marşrutu üzrə 5 mindən çox TIR karnetindən istifadə olunub. İraqın Arar sərhəd keçid məntəqəsindən həyata keçirilən pilot TIR daşımaları da marşrutun potensialını nümayiş etdirib. Belə ki, yükün Qaziantepdən Ər-Riyada çatdırılma müddəti 3,9 gün, Mədinəyə isə 3,7 gün təşkil edib.
2025-ci ildə Suriya marşrutunun yenidən fəaliyyətə başlaması da Türkiyə, İordaniya və KƏŞ ölkələri arasında mühüm avtomobil nəqliyyatı bağlantısını bərpa edib. Bu marşrut üzrə də 5 mindən çox TIR karnetindən istifadə olunması ticarət və yükdaşımaya tələbin yüksək olduğunu göstərir”, - İRU prezidenti bildirib.
Radu Dinesku Orta Dəhlizin Çin və Mərkəzi Asiyanı Xəzər regionu və Türkiyə üzərindən Avropa ilə birləşdirdiyini və şirkətlərin təchizat zəncirlərini şaxələndirməsi fonunda Avropa-Asiya ticarəti üçün alternativ marşrut kimi əhəmiyyətinin artdığını vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə Orta Dəhliz üzrə daşımaları daha sürətli, rəqəmsal və proqnozlaşdırıla bilən etməklə əsas logistika və bağlantı mərkəzi kimi mövqeyini daha da gücləndirə bilər: “IRU bu istiqamətdə TIR, TIR yaşıl dəhlizləri, TIR-EPD və eTIR kimi mexanizmlər vasitəsilə hökumətlər və gömrük orqanları ilə əməkdaşlıq edir. Məqsəd sərhədlərdə gözləmə müddətini və lazımsız prosedurları azaltmaqdır”.
2026-cı ilin iyulunda Azərbaycan, Türkmənistan və Özbəkistanı Xəzər dənizi üzərindən birləşdirən ilk eTIR əməliyyatlarının həyata keçirilməsi də Orta Dəhliz üzrə rəqəmsal bağlantının inkişafında mühüm addım olub.
IRU-nun məlumatına görə, sammit çərçivəsində təşkilat regional nəqliyyat və logistika sektoruna töhfəsinə görə də təltif olunub.
IRU prezidenti qeyd edib ki, yeni nəqliyyat dəhlizlərinin inkişafı yalnız infrastrukturla məhdudlaşmamalı, səmərəli sərhəd prosedurları, rəqəmsallaşma və uyğunlaşdırılmış qaydalarla dəstəklənməlidir: “Təşkilat Orta Dəhliz, İnkişaf Yolu və Suriya marşrutlarının TIR və rəqəmsal ticarətin asanlaşdırılması mexanizmləri əsasında sürətli, təhlükəsiz və proqnozlaşdırıla bilən ticarət yollarına çevrilməsi istiqamətində fəaliyyətini davam etdirəcək”.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.
