Bakı. Trend:
İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,14 ABŞ dolları və ya 4,75 faiz artaraq bir barel üçün 113,32 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,88 ABŞ dolları və ya 4,65 faiz artaraq 109,87 ABŞ dolları təşkil edib.
“Urals” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,65 ABŞ dolları və ya 4,45 faiz artaraq bir barel üçün 85,60 ABŞ dollarına çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 5,58 ABŞ dolları və ya 5,13 faiz artaraq bir barel üçün 114,26 ABŞ dolları olub.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
"Trading Economics"in məlumatına görə, neftin qiyməti cümə axşamı bir barel üçün 96 dollardan yuxarı olaraq qalıb və may ayından bəri ən yüksək səviyyə ətrafında dəyişib. Bildirilib ki, ABŞ ilə İran arasında münaqişənin şiddətlənməsi Yaxın Şərqdən enerji tədarükündə əlavə fasilələrin yaranacağı ilə bağlı narahatlıqları artırıb.
"İran daha genişmiqyaslı qarşıdurmaya hazır olduğunu açıqlayıb, ABŞ-ın dəniz blokadasına müqavimət göstərəcəyini bildirib və Amerika qüvvələrinin İran ərazisinə zərbələri davam etdirəcəyi təqdirdə hücumlarını gücləndirəcəyi barədə xəbərdarlıq edib.
ABŞ Prezidenti Donald Tramp isə münaqişənin noyabrda keçiriləcək aralıq seçkilərindən sonra başa çatacağını proqnozlaşdırıb və həmin vaxta qədər benzin qiymətlərində əhəmiyyətli ucuzlaşmanın mümkün olmadığını deyib. Bu açıqlama yaxın perspektivdə gərginliyin azalması ehtimalının zəif olduğuna işarə edib.
Təxminən bir ay davam edən nisbi sakitlikdən sonra son bir həftədə qarşıdurma yenidən şiddətlənib və tərəflər hücumlarını artırıblar. Münaqişə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanında bir sıra enerji obyektlərinə hücum etməsindən sonra daha da genişlənib. Hücumlar nəticəsində bəzi obyektlərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb", - məlumatda qeyd edilib.
