Bakı. Trend:
ABŞ Energetika Nazirliyi 2026-cı ildə "Brent" markalı neftin orta qiyməti ilə bağlı proqnozunu kəskin şəkildə artırıb — əvvəlki 86,81 dollardan 4,84 faiz yüksəldərək bir barel üçün 91,01 dollara çatdırıb.
Bu barədə nazirliyin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında bildirilib.
ABŞ Energetika Nazirliyinin proqnozuna görə, 2027-ci ildə Brent neftinin orta qiyməti bir barel üçün 73,74 dollar təşkil edəcək. Qiymətin dünya üzrə neft hasilatının artması və ehtiyatların bərpası fonunda aşağı düşəcəyi gözlənilir.
ABŞ Energetika Nazirliyi qeyd edir ki, avqust ayında dünya üzrə neft qiymətləri orta hesabla bir barel üçün 91 dollara yüksəlib ki, bu da iyul ayı ilə müqayisədə 7 dollar çoxdur. Hesabatda deyilir: “Neft ehtiyatlarının azalması səbəbindən qiymətlər yüksək olaraq qalır. Hesablamalarımıza görə, bu il dünya üzrə neft ehtiyatları 400 milyon barel azalıb. Ehtiyatların 2026-cı ilin sonunadək azalmağa davam edəcəyini gözləyirik. Bu isə yaxın aylarda qiymətlərin avqust ayı üzrə orta aylıq göstərici səviyyəsində qalmasına imkan verəcək”.