Bakı. Trend:
İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) və Almaniyada yerləşən "Renewables Academy AG" (RENAC) bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində peşəkar və texniki potensialın gücləndirilməsinə yönəlmiş "Clean Energy Academy" proqramını Azərbaycanda həyata keçirməyə başlayıb.
CECECO-nun məlumatına görə, proqram Azərbaycanın təmiz enerjiyə keçidini dəstəkləmək üçün lazımi bilik və bacarıqlara malik ixtisaslı mütəxəssislərin sayını artırmağı hədəfləyir.
Proqramın ilk mərhələsi 2026-cı ilin sentyabr-dekabr aylarında keçiriləcək və “Təlimçilərin hazırlanması” (Training of Trainers) proqramı çərçivəsində Azərbaycanın 20 nümayəndəsini əhatə edəcək. İştirakçılar bərpa olunan enerji, enerji səmərəliliyi, təmiz enerji texnologiyaları və bərpa olunan enerji mənbələrinin iqtisadiyyatı istiqamətləri üzrə təlim keçəcək, həmçinin bu istiqamətlərdə təlimlər keçirmək bacarıqlarına yiyələnəcəklər.
Proqram 50 saatlıq müstəqil onlayn təlimi və hər biri yarım gün davam edən səkkiz virtual məşğələni əhatə edir. Proqramı uğurla başa vuran iştirakçılara təlimçi sertifikatları veriləcək.
Növbəti mərhələdə hazırlanmış təlimçilər CECECO ilə birgə müvafiq qurumların ehtiyaclarını nəzərə alaraq təhsil proqramları hazırlayacaq və həyata keçirəcəklər.
CECECO-nun icraçı direktoru Aysel Yaqubova qeyd edib ki, proqram Azərbaycanın təmiz enerji sahəsində peşəkar təhsil, texniki hazırlıq, institusional potensialın gücləndirilməsi və bilik mübadiləsi üçün dayanıqlı milli platformanın yaradılmasına xidmət edir.
"Yerli potensialın gücləndirilməsi və bacarıqların inkişafını dəstəkləmək, Azərbaycandakı sosial investisiya fəaliyyətlərimiz üçün prioritet olaraq qalır. Azərbaycan enerji keçidi məqsədlərinə çatmaq istiqamətində irəlilədikcə, bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində biliklərin genişləndirilməsini və ötürülməsini asanlaşdıra biləcək ixtisaslı yerli mütəxəssislərə ehtiyac artmaqda davam edir", - deyə bp-nin Xəzər, Orta Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, layihə yalnız iştirakçıların texniki və təlimçi bacarıqlarının inkişafına deyil, həm də mütəxəssislərin hazırlanması üçün dayanıqlı yerli potensialın formalaşdırılmasına yönəlib. Bu potensial proqram başa çatdıqdan sonra da əlavə dəyər yarada biləcək.
Layihə bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə sosial investisiya təşəbbüsü kimi həyata keçirilir. Layihənin məqsədi bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində müstəqil şəkildə peşəkar proqramlar təqdim edə bilən yerli təlimçilərdən ibarət dayanıqlı bir hovuz yaratmaqdır