Bakı. Trend:
Azərbaycan və beynəlxalq tərəfdaşların əməkdaşlığı Somali üçün böyük əhəmiyyət daşıyır və Somali özünəinamı və dayanıqlığını gücləndirən tərəfdaşlıqların qurulmasında maraqlıdır.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Somalinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidou Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfrans çərçivəsində keçirilən “Davamlı inkişaf və effektiv humanitar yardım üçün tərəfdaşlıqlar” adlı panel sessiyada deyib.
Səfir qeyd edib ki, son 15 ildə Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) Azərbaycanın beynəlxalq əməkdaşlığa sadiqliyinin mühüm ifadəsinə çevrilib.
“AIDA Azərbaycanın beynəlxalq inkişaf əməkdaşlığına artan töhfəsinin mühüm nümunəsidir və ölkələrin təcrübə mübadiləsi aparması, əməkdaşlıq üçün praktiki imkanları müəyyənləşdirməsi üçün platforma yaradır. Bu, həmrəyliyə, qarşılıqlı hörmətə və daha yaxşı gələcəyə dair ortaq inama əsaslanan tərəfdaşlığın dəyərini əks etdirir”, - deyə A.D.Fidou bildirib.
Diplomat Somali üçün beynəlxalq həmrəyliyin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, ölkəsi təkrarlanan quraqlıqlar, daşqınlar, ərzaq təhlükəsizliyi, məcburi köçkünlük və digər humanitar problemlərlə üzləşib.
“Bu təcrübə beynəlxalq həmrəyliyin əhəmiyyətini və icmaları daha az həssas etmək, təkrarlanan böhranların qarşısını almaq üçün onların əsas zəifliklərinin aradan qaldırılmasının zəruriliyini göstərib. Biz həmçinin fundamental bir dərs öyrənmişik: heç bir ölkə bu günün bir-biri ilə əlaqəli problemlərinin öhdəsindən təkbaşına səmərəli şəkildə gələ bilməz”, - deyə o qeyd edib.
A.D.Fidounun sözlərinə görə, tərəfdaşlıqlar yalnız əlavə resursların səfərbər edilməsi vasitəsi deyil. Onlar bilik, institutlar, texnologiya, maliyyə və yerli təcrübənin birləşdirilməsi üçün imkan yaradır.
Səfir bildirib ki, belə tərəfdaşlıqların mühüm istiqamətlərindən biri humanitar reaksiyanın uzunmüddətli dayanıqlılıqla əlaqələndirilməsidir.
“Humanitar yardım fövqəladə vəziyyətlər zamanı insanların həyatını xilas edir və onların ləyaqətini qoruyur. İnkişaf əməkdaşlığı isə su sistemlərini, kənd təsərrüfatını, səhiyyəni, təhsili, infrastrukturu və dolanışıq imkanlarını gücləndirə bilər. Bu səylər əlaqələndirildikdə, biz hər böhrana yalnız reaksiya verməkdən kənara çıxa və növbəti böhranın dağıdıcı təsir göstərməsi riskini azaltmağa başlaya bilərik”, - deyə diplomat vurğulayıb.
O, milli və yerli potensialın gücləndirilməsinin də vacibliyini diqqətə çatdırıb.
“Davamlı inkişaf yalnız xarici yardımdan asılı ola bilməz. Buna görə də ən dəyərli əməkdaşlıq bilikləri ötürən, insan kapitalını inkişaf etdirən, institutları gücləndirən və ölkələrə öz problemlərini getdikcə daha çox müstəqil şəkildə həll etməyə imkan verən əməkdaşlıqdır”, - deyə A.D.Fidou bildirib.
Səfir qeyd edib ki, Somali üçün milli sahiblik prinsipinin təmin edilməsi əsas məsələlərdəndir. Onun sözlərinə görə, beynəlxalq dəstək milli prioritetləri gücləndirdikdə, səmərəli institutlar vasitəsilə həyata keçirildikdə, həmçinin yerli icmaların və vətəndaş cəmiyyətinin rolu nəzərə alındıqda daha effektiv olur.
A.D.Fidou ölkələrin rəqəmsal transformasiya, kənd təsərrüfatı, təhsil, fəlakətlərin idarə olunması və iqlim dayanıqlılığı sahələrində bir-birinin təcrübəsindən yararlana biləcəyini deyib.
“Afrika ölkələri hər bir həlli sıfırdan hazırlamalı deyil. Cənub-Cənub və beynəlxalq əməkdaşlıq vasitəsilə bir-birimizin təcrübəsindən öyrənə bilərik. Azərbaycanın inkişaf təcrübəsi və genişlənən beynəlxalq əməkdaşlığı belə təcrübə mübadiləsi üçün dəyərli imkanlar yaradır”, - deyə o əlavə edib.
Diplomat təhsili beynəlxalq əməkdaşlığın uzunmüddətli nəticələr yarada biləcəyi sahələrdən biri kimi qiymətləndirib və Azərbaycanın təhsil qrantı proqramlarını nümunə göstərib.
“Bir təqaüd bir tələbəyə dəstək ola bilər, lakin həmin tələbə ölkəsinə mühəndis, həkim, tədqiqatçı və ya dövlət qulluqçusu kimi qayıda və onilliklər ərzində milli inkişafa töhfə verə bilər”, - deyə A.D.Fidou vurğulayıb.
O bildirib ki, hökumətlər, beynəlxalq təşkilatlar, inkişaf agentlikləri, vətəndaş cəmiyyəti və yerli icmalar səylərini milli prioritetlər ətrafında birləşdirdikdə resurslardan daha səmərəli istifadə etmək və daha davamlı nəticələr əldə etmək mümkündür.
“Somalinin mesajı aydındır: biz özünəinamı və özünütəminatı gücləndirən tərəfdaşlıq axtarırıq”, - deyə səfir əlavə edib.
