Bakı. Trend:
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə sahəsində liderlik mövqeyini gücləndirir.
Bunu Keniyanın Ətraf Mühit, İqlim Dəyişikliyi və Meşə Təsərrüfatı Nazirliyinin nümayəndəsi Tomas Lelekoitien "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində Trend-ə açıqlamasında deyib.
O, tədbirin iqlim dəyişikliyi ilə mübarizə baxımından əhəmiyyətli olduğunu bildirib.
"Bu konfransda təcrübə mübadiləsi aparır, mühüm mövzuları müzakirə edir və ekspertlərdən öyrənirik. Bu, qlobal təhlükənin aradan qaldırılması istiqamətində çox vacibdir", - deyə T.Lelekoitien qeyd edib.
Keniya nümayəndəsi bildirib ki, iqlim dəyişikliyi ilə bağlı müzakirələrdən sonra əsas diqqət konkret fəaliyyətə yönəldilməlidir.
"Adaptasiya sahəsində planlaşdırmadan icraya keçməliyik. Bunun üçün vaxtında, kifayət qədər və proqnozlaşdırıla bilən iqlim maliyyəsi, potensialın gücləndirilməsi və müvafiq texnologiyalar lazımdır", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, iqlim dəyişikliyinin təsirləri artıq müxtəlif icmaların üzləşdiyi əzab və çətinliklərdə özünü göstərir.
"İndi əsas məsələ icmalarımızın iqlim dəyişikliyi səbəbindən üzləşdiyi çətinlikləri necə aradan qaldıracağımızı düşünməkdir. Hazırda lazımi tədbirləri görməklə və bunun üçün kifayət qədər resurs ayırmaqla gələcəkdə zərəri və insanların əziyyətini azaltmalıyıq", - deyə T.Lelekoitien əlavə edib.
Azərbaycanın iqlim gündəliyindəki rolunu da qiymətləndirən Keniya nümayəndəsi ölkənin COP29-a uğurlu ev sahibliyi etdiyini bildirib.
"Azərbaycan çox gözəl ölkədir. İnsanları çox mehriban və qonaqpərvərdir. Biz bunu yüksək qiymətləndiririk. COP29 üçün burada olduq və bu tədbir çox uğurlu və məhsuldar keçdi", - deyə o bildirib.
T.Lelekoitien Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə fəal mövqe tutduğunu vurğulayıb.
"Azərbaycan iqlim dəyişikliyi məsələlərində liderlik edən ölkə kimi özünə mövqe formalaşdırır. Bu, çox müsbət haldır", - deyə Keniya nümayəndəsi qeyd edib.
