Bakı.Trend:
Türkiyə COP31-ə hazırlıq prosesində COP29-a sədrliyi zamanı Azərbaycanın əldə etdiyi təcrübəyə əsaslanır.
Bu barədə Trend-ə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Yardımçı Xidmətlər İdarəsinin rəisi Ahmet Sami Kulaklıoğlu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində bildirib.
Onun sözlərinə görə, COP31 çərçivəsində üç istiqamətə – dialoq, fəaliyyət və konsensusa xüsusi diqqət yetirilməsi planlaşdırılır:
“Biz üç mühüm mövzunu – dialoq, fəaliyyət və konsensusu ön plana çıxarmaq istəyirik. Fəaliyyət gündəliyində ön plana çıxacaq məsələlərdən biri elektrikləşmə olacaq. Ehtimal ki, COP31-in nəticələri baxımından elektrikləşmə gündəliyin mühüm bəndlərindən biri olacaq.
COP31 çərçivəsində iqlim maliyyələşdirilməsi sahəsində “icra körpüsü” də müəyyən ediləcək.
Xüsusilə resurslara ehtiyacı olan ölkələr və cəmiyyətlərlə resurs sahibləri arasında körpü rolunu oynayacaq sistem yaradılacaq”.
Kulaklıoğlunun sözlərinə görə, COP31-də yeni qərarların qəbul edilməsindən daha çox, artıq qəbul edilmiş qərarların icrasına diqqət yetiriləcək.
Türkiyə ilə Azərbaycanın iqlim sahəsində əməkdaşlığından danışan Kulaklıoğlu COP29-un Türkiyə üçün mühüm təcrübə olduğunu qeyd edib:
“COP29 bizim üçün çox böyük təcrübə oldu. Biz Azərbaycanla sıx əməkdaşlıq edirik. COP29 sədrliyi ilə çox sıx münasibətlərimiz var. Türkiyənin COP31-ə ev sahibliyi edəcəyi elan edildikdən sonra Azərbaycanın təcrübə və biliklərindən daim yararlanır və onları qarşılıqlı şəkildə bölüşürük”.
O əlavə edib ki, Türkiyə COP31-ə hazırlıq işlərini Azərbaycanla birgə həyata keçirməyə çalışır:
“Bütün məsələləri Azərbaycanın təcrübəsindən yararlanaraq birlikdə həll etməyə çalışırıq”.
