Bakı. Trend:
Azərbaycan təbiətin və biomüxtəlifliyin qorunması sahəsində Türk dünyası ölkələri ilə əməkdaşlığı genişləndirir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən tədbirdə deyib.
M.Babayev bildirib ki, Hirkan meşələri təbiət irsinin qorunmasında əməkdaşlığın əhəmiyyətini göstərən nümunələrdən biridir.
“Bu qədim ekosistem hazırda Azərbaycanın qonşu ölkələrlə paylaşdığı transmilli UNESCO Ümumdünya İrsi obyektinin bir hissəsidir. Onun qorunması elmin, xüsusi mühafizə olunan ərazilərin idarə edilməsinin və yerli biliklərin bir araya gətirilməsinin əhəmiyyətini nümayiş etdirir”, - deyə o qeyd edib.
O bildirib ki, Azərbaycan milli səviyyədə də təbiətin mühafizəsi istiqamətində səylərini genişləndirir.
“Son vaxtlar iki yeni milli parkın yaradılması ilə Azərbaycanın milli parklarının sayı 12-yə çatıb. Xüsusi mühafizə olunan təbiət əraziləri isə ölkə ərazisinin 10,5 faizindən çoxunu təşkil edir”, - deyə M.Babayev vurğulayıb.
COP29 prezidenti mədəni əməkdaşlıq sahəsində Şuşanın təcrübəsinin də təbiətin və biomüxtəlifliyin qorunmasına tətbiq edilə biləcəyini deyib.
“2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı, 2024-cü ildə isə İslam Dünyasının Mədəniyyət Paytaxtı olmuş Şuşa mədəniyyətlərimizi və təsisatlarımızı bir-birinə daha da yaxınlaşdırmaq üçün mühüm platformaya çevrilib. Biz bu təcrübəyə əsaslanmalı və eyni əməkdaşlıq ruhunu təbiət və biomüxtəliflik sahəsində əməkdaşlığa da şamil etməliyik”, - deyə o bildirib.
M.Babayev qeyd edib ki, Türk dünyası müxtəlif ekosistemlərə və təbii ehtiyatlarla bağlı ortaq ənənələrə malikdir.
“Dağlar və meşələrdən tutmuş çöllərə, bataqlıqlara və Xəzərə qədər regionumuz müxtəlif ekosistemlərə malikdir. Eyni zamanda, təbii ehtiyatlarla yaşamaq və onları idarə etmək üzrə bir çox ənənələri bölüşürük”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, ənənəvi biliklər müasir mühafizə yanaşmaları ilə birləşdirilməli və ölkələr arasında praktiki təcrübə mübadiləsi aparılmalıdır.
“Milli parklarımız birbaşa əməkdaşlıq edə bilər. Alimlərimiz və meşəbəyilərimiz birgə tədqiqatlar, təlimlər və biomüxtəlifliyin monitorinqini həyata keçirə bilərlər. Mədəni irsi təbiətin mühafizəsi ilə əlaqələndirməklə bu unikal mənzərələrin və ənənələrin həm qorunmasını, həm də beynəlxalq səviyyədə tanınmasını gücləndirə bilərik”, - deyə M.Babayev əlavə edib.
“Gəlin Türk dünyası boyunca dostluq və əməkdaşlıqdan ibarət möhkəm təməlimizə əsaslanaq. Mədəniyyətimiz bizə təbiətə hörmət etməyi öyrədib. Bu gün bu ortaq dəyəri birgə fəaliyyətə çevirmək bizim məsuliyyətimizdir”, - deyə o bildirib.
