Bakı. Trend:
Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) fəaliyyəti ilə yanaşı, müxtəlif dövlət qurumları, universitetlər və şirkətlər tərəfindən həyata keçirilən beynəlxalq yardım və inkişaf proqramlarını əhatə edən vahid statistik hesabat hazırlamalıdır.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfrans çərçivəsində keçirilən “Davamlı inkişaf və effektiv humanitar yardım üçün tərəfdaşlıqlar” adlı panel sessiyada deyib.
Deputat bildirib ki, müxtəlif ölkələrə səfərlər zamanı AIDA-nın həyata keçirdiyi layihələrin nəticələrini görmək Azərbaycanın gördüyü işlərlə qürur duymağa əsas verir.
O, Efiopiyada “ASAN xidmət”in həyata keçirdiyi işləri, COVID-19 pandemiyası dövründə Azərbaycanın vaksin yardımı göstərdiyi ölkələri və AIDA tərəfindən maliyyələşdirilən layihə və proqramları başa vurmuş tələbələri nümunə göstərib.
F.İsmayılzadənin sözlərinə görə, bu proqram və layihələr Azərbaycanın yalnız beynəlxalq imicinin formalaşdırılmasına və xarici siyasət prioritetlərinin təbliğinə deyil, həm də müxtəlif cəmiyyətlər, qeyri-hökumət təşkilatları və digər qeyri-dövlət aktorları arasında insanlararası əlaqələrin qurulmasına xidmət edir.
“Bunların hamısı müsbət məqamlardır. Lakin mənim müşahidələrimə görə, daha çox iş görə və bunu daha yaxşı edə bilərik”, - deyə deputat qeyd edib.
O bildirib ki, statistik məlumatlar təqdim edilərkən bəzən yalnız ayrı-ayrı qurumların fəaliyyəti əks olunur.
“Bu gün AIDA-nın statistikalarını gördük. Lakin Azərbaycan bundan daha çox və daha böyük işlər görür. Məsələn, bəzi universitetlər fərdi təqaüdlər təqdim edir. Mənim çalışdığım ADA Universitetində müxtəlif proqramları bitirmiş yüzlərlə tələbə var. Onların bəzilərinin təhsilini nazirliklər, bəzilərinin təhsilini isə Azərbaycan şirkətləri maliyyələşdirib”, - deyə F.İsmayılzadə bildirib.
Deputatın sözlərinə görə, bu baxımdan Azərbaycanı yalnız bir qurumun deyil, ölkənin beynəlxalq inkişaf əməkdaşlığı sahəsində gördüyü işlərin bütövlükdə əks olunduğu vahid statistik hesabatın hazırlanması məqsədəuyğun olardı.
“Fərqli nazirliklər və qurumlar səviyyəsində həyata keçirilən çoxsaylı proqramlar var. Buna görə də ümumi rəqəmləri və ya vahid statistik hesabatları bir araya gətirməyə çalışmalıyıq”, - deyə o vurğulayıb.
F.İsmayılzadə TİKA-nın təcrübəsindən istifadə etməklə gələcəkdə birgə layihələrin sayının artırılmasını da təklif edib.
“Gələcəkdə təkcə türk dövlətləri, türk qardaşlarımızla deyil, Mərkəzi Asiya ölkələri, eləcə də Şərqi Avropada bizim üçün prioritet olan ölkələrlə birgə layihələrin həyata keçirilməsinə çalışmalıyıq”, - deyə deputat qeyd edib.
O bildirib ki, belə layihələrin bir hissəsi yalnız Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə deyil, açıq müraciət mexanizmi əsasında da həyata keçirilə bilər.
“Xarici İşlər Nazirliyi prioritet layihələrlə bağlı müəyyən elanlar verə, daha sonra dünyanın müxtəlif yerlərindən müraciətlər qəbul edə bilər. Bu, AIDA-nın görünürlüğünü artıra, müxtəlif cəmiyyətlər və regionlarla əlaqələri genişləndirə bilər”, - deyə F.İsmayılzadə əlavə edib.
Deputat bildirib ki, bu cür yanaşma Xarici İşlər Nazirliyinin perspektivindən görünməyən müxtəlif cəmiyyətlərlə əlaqələrin qurulmasına və ikitərəfli dialoqun genişləndirilməsinə imkan verə bilər.
F.İsmayılzadə bəzi yardım və inkişaf layihələrinin sonradan rəsmi ikitərəfli danışıqlar səviyyəsində davam etdirilməsinin də vacibliyini vurğulayıb.
“Bəzi layihələr xeyriyyə məqsədi daşısa da, ikitərəfli rəsmi danışıqlarda istifadə olunmalıdır. Yardıma ehtiyacı olan bəzi ölkələr Azərbaycana bunun müqabilində müəyyən dəstək göstərə bilər”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, Azərbaycan qlobal miqyasda nisbətən kiçik ölkədir və Birləşmiş Millətlər Təşkilatı və digər çoxtərəfli platformalarda qonşularının və qlobal tərəfdaşlarının dəstəyinə ehtiyac duyur.
“Bəzən yardımı və inkişaf proqramlarını ikitərəfli rəsmi danışıqlar formatına daxil etməyi də unutmamalıyıq”, - deyə F.İsmayılzadə vurğulayıb.
Deputat AIDA-nın fəaliyyətə başlamasının 15-ci ildönümü münasibətilə təbriklərini çatdırıb və agentliyin fəaliyyətini yüksək qiymətləndirib.
“AIDA hələ inkişafının ilk illərində olmasına baxmayaraq, əlamətdar işlər görüb. Hesab edirəm ki, Azərbaycan tariximizdə digər ölkələrə də yardım etmiş böyük xeyriyyəçilərdən biri olan Hacı Zeynalabdin Tağıyevin bu böyük irsini gələcəkdə də davam etdirəcək”, - deyə F.İsmayılzadə əlavə edib.
