Bakı.Trend:
Enerji səmərəliliyi Mərkəzi Asiyanın enerji transformasiyası şəraitində texnoloji inkişafın əsas elementlərindən biridir.
Trend-in müxbiri xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyətləri Həftəsi çərçivəsində Yaşıl Texnologiyalar və İnvestisiyalar üzrə Beynəlxalq Layihələr Mərkəzinin (IGTIC) sədri Saken Kalkamanov deyib.
Onun sözlərinə görə, hazırda Mərkəzi Asiyada elektrik enerjisinə tələbat artır, sənaye inkişaf edir və enerji infrastrukturuna düşən yük çoxalır.
"Eyni zamanda, region ölkələri bərpaolunan enerji mənbələrindən istifadəsini genişləndirir və enerji sistemlərinin dayanıqlılığının artırılması üzərində çalışırlar. Mərkəzi Asiyanın enerji sistemləri tarixən bir-biri ilə əlaqəli olub. Buna görə də enerji səmərəliliyi, modernləşdirmə və dayanıqlılıq məsələləri region üçün təkcə milli deyil, həm də ümumi əhəmiyyət daşıyır", - deyə S. Kalkamanov bildirib.
O qeyd edib ki, enerji və enerji səmərəliliyi sahəsində həllər müxtəlif olsa da, enerji səmərəliliyi texnoloji inkişafın əsas elementlərindən biri kimi nəzərdən keçirilir.
"Ələt tutumlu sənaye və digər enerji tutumlu istehsal sahələri üçün enerji səmərəliliyi bilavasitə texnologiya məsələsidir: avadanlıqların səmərəliliyi, istilik prosesləri, xammaldan və digər resurslardan istifadə", - deyə IGTIC sədri bildirib.
O, nümunə olaraq Qazaxıstanın cənubunu göstərərək qeyd edib ki, Türküstan vilayəti ölkənin istixana istehsalının ən böyük mərkəzidir və burada Qazaxıstandakı istixanaların ümumi istifadə olunan sahəsinin təxminən 70 faizi yerləşir:
"Regiondakı istixanaların əhəmiyyətli hissəsində kömürlə isitmə sistemlərindən istifadə olunur. Belə şəraitdə enerji səmərəliliyi təkcə xərclərin azaldılması ilə deyil, həm də ekoloji yük və istehsalın rəqabət qabiliyyəti ilə birbaşa bağlıdır. Buna görə də səmərəliliyin artırılması təkcə təşkilati tədbirləri deyil, həm də texnoloji modernləşdirməni tələb edir".
