Bakı. Trend:
Ağstafa, Göygöl, Ağdam və Füzuli rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə əlaqədar tikinti altına düşən torpaq sahələri dövlət ehtiyacları üçün alınacaq.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Ağstafa, Göygöl, Ağdam və Füzuli rayonlarında (işğaldan azad olunmuş ərazilər istisna olmaqla) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, suvarma suyuna olan tələbatın ödənilməsi, eləcə də tikili və hidrotexniki qurğuların inşa olunacağı layihələrlə əlaqədar olaraq tikinti altına düşən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı alan orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi müəyyən edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yuxarıda nəzərdə tutulan rayonlarda torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirməli və bu barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
