AIDA-nın növbəti mərhələsində yeni tərəfdaşlıqların qurulması əsas prioritetlərdən olacaq - Yalçın Rəfiyev

Siyasət Xəbər 10 Sentyabr 2026 13:03 (UTC +04:00)
AIDA-nın növbəti mərhələsində yeni tərəfdaşlıqların qurulması əsas prioritetlərdən olacaq - Yalçın Rəfiyev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) növbəti mərhələsində yeni tərəfdaşlıqların qurulması, əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və Azərbaycanın qlobal inkişaf gündəliyinə praktiki töhfəsinin genişləndirilməsi əsas prioritetlərdən olacaq.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransın bağlanışında deyib.

O bildirib ki, konfrans çərçivəsində aparılan müzakirələr beynəlxalq humanitar və inkişaf əməkdaşlığının sürətlə dəyişən qlobal mühitdə yeni çağırışlarla üzləşdiyini bir daha göstərib.

“Silahlı münaqişələr, iqlim dəyişikliyi, təbii fəlakətlər, ərzaq və enerji təhlükəsizliyi, səhiyyə böhranları və məcburi köçkünlük kimi çağırışlar getdikcə daha çox bir-biri ilə əlaqələnir. Bu isə onların həlli üçün daha çevik, əlaqələndirilmiş və uzunmüddətli yanaşmalar tələb edir”, - deyə Y.Rəfiyev qeyd edib.

Nazir müavininin sözlərinə görə, humanitar yardım böhranlara vaxtında və effektiv cavab verilməsi baxımından əhəmiyyətini qoruyur. Bununla yanaşı, davamlı nəticələrə nail olmaq üçün humanitar müdaxilələrlə paralel olaraq inkişafın dəstəklənməsi, institusional potensialın gücləndirilməsi, insan kapitalına investisiyalar və dayanıqlılığın artırılmasına yönəlmiş tədbirlər həyata keçirilməlidir.

“Panel çərçivəsində müzakirələr dərhal böhranlara cavab tədbirlərinin dayanıqlılığın uzunmüddətli gücləndirilməsi səyləri ilə əlaqələndirilməsinin vacibliyini bir daha göstərdi”, - deyə o bildirib.

Y.Rəfiyev humanitar fəaliyyətin humanizm, qərəzsizlik, neytrallıq və müstəqillik prinsiplərinə əsaslanmasının, həmçinin hökumətlər, beynəlxalq təşkilatlar və digər tərəfdaşlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, inkişaf əməkdaşlığının xarakteri dəyişir və yeni əməkdaşlıq mexanizmləri getdikcə daha mühüm əhəmiyyət kəsb edir.

“Cənub-Cənub və üçtərəfli əməkdaşlıq, texniki əməkdaşlıq, bilik və təcrübə mübadiləsi, potensialın gücləndirilməsi və institusional təcrübənin paylaşılması ölkələr arasında əməkdaşlığın mühüm istiqamətləri kimi önə çıxır”, - deyə nazir müavini vurğulayıb.

Y.Rəfiyev bildirib ki, bu məsələlər Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, fəaliyyətinin 15 ili ərzində AIDA Azərbaycanın beynəlxalq humanitar yardımı və inkişaf əməkdaşlığı üçün mühüm institusional mexanizmə çevrilib.

“Bu dövrdə Azərbaycanın yardımının coğrafiyası genişlənib və 140-dan çox ölkə müxtəlif formalarda Azərbaycanın beynəlxalq yardım fəaliyyətindən faydalanıb”, - deyə o qeyd edib.

Nazir müavini Azərbaycanın Afrika və kiçik ada dövlətləri ilə əməkdaşlığını da diqqətə çatdırıb. O, Afrikada qarşısı alına bilən korluqla mübarizə təşəbbüsünü, eləcə də kiçik ada inkişaf etməkdə olan dövlətlərin mədəni irs nümunələrinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinə dəstək təşəbbüslərini Azərbaycanın praktiki və davamlı inkişaf əməkdaşlığına sadiqliyinin nümunələri kimi göstərib.

Y.Rəfiyev vurğulayıb ki, inkişaf əməkdaşlığı yalnız maliyyə resurslarının təqdim edilməsindən ibarət deyil.

“Bilik və təcrübə mübadiləsi, Azərbaycanın “nou-hau”unun paylaşılması, texniki yardım, təhsil, səhiyyə, institusional potensialın gücləndirilməsi və insan kapitalının inkişafı da belə əməkdaşlığın mühüm komponentləridir”, - deyə o bildirib.

O, Azərbaycan təcrübəsinin tərəfdaş ölkələrlə, xüsusilə Cənub-Cənub və üçtərəfli əməkdaşlıq çərçivəsində paylaşılmasının əhəmiyyətini vurğulayıb.

“Ambulans xidməti modeli, təhsil və səhiyyə sahələrində təcrübə mübadiləsi, elektron hökumət və digər istiqamətlərdə əməkdaşlıq Azərbaycanın praktiki təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməsi üçün imkanları genişləndirib”, - deyə Y.Rəfiyev qeyd edib.

Nazir müavini bildirib ki, inkişaf əməkdaşlığının effektivliyi yalnız ayrılan resursların həcmi ilə ölçülə bilməz. Milli prioritetlərə və yerli ehtiyaclara hörmət, milli sahibliyin təmin edilməsi, şəffaflıq, hesabatlılıq, koordinasiya, institusional və insan potensialının gücləndirilməsi, eləcə də əldə olunan nəticələrin davamlılığı effektiv əməkdaşlığın əsas şərtlərindəndir.

O qeyd edib ki, qarşıdakı dövrdə qlobal inkişaf gündəliyi yeni çağırışlarla üzləşməkdə davam edəcək.

“Bu çağırışların miqyası və mürəkkəbliyi daha güclü beynəlxalq həmrəylik, daha geniş tərəfdaşlıqlar və daha çevik və inklüziv inkişaf əməkdaşlığı tələb edəcək”, - deyə Y.Rəfiyev bildirib.

Onun sözlərinə görə, AIDA-nın 15 illiyi gələcək əməkdaşlığın yeni istiqamətlərini nəzərdən keçirmək üçün mühüm fürsətdir.

“Qarşıdakı mərhələdə əldə edilmiş təcrübəyə əsaslanaraq yeni tərəfdaşlıqların qurulması, əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və qlobal inkişaf gündəliyinə praktiki töhfəmizin genişləndirilməsi əsas prioritetlərimiz olaraq qalacaq”, - deyə nazir müavini vurğulayıb.

Y.Rəfiyev konfrans çərçivəsində Azərbaycan ilə Türkiyənin əməkdaşlıq agentliyi – TİKA arasında Anlaşma Memorandumunun imzalanmasını da qeyd edib.

“Biz artıq TİKA ilə Anlaşma Memorandumunun imzalanmasının şahidi olduq. Düşünürəm ki, bu, üçüncü ölkələrdə ikitərəfli əməkdaşlığımız üçün yaxşı başlanğıc ola bilər. Bu, həmçinin yaranmaqda olan çağırışlar qarşısında regional həmrəyliyin nümayiş etdirilməsi baxımından nümunəvi ola bilər”, - deyə o bildirib.

Nazir müavini çıxışının sonunda konfransda iştirak edən qonaqlara, tərəfdaş ölkələrə, beynəlxalq və regional təşkilatlara, ekspertlərə və həmkarlara təşəkkür edib və tədbiri rəsmi olaraq bağlı elan edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti