Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycanda banklar və qeyri-bank kredit təşkilatları tərəfindən real sektora kredit qoyuluşlarının həcmi 34,155 milyard manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında hesablamalarına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,897 milyard manat və ya 12,9% artıb.
Kredit portfelinin ən böyük hissəsi ev təsərrüfatlarının payına düşüb. Belə ki, hesabat dövründə ev təsərrüfatlarına verilmiş kreditlərin həcmi 20,341 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,369 milyard manat və ya 13,2% çoxdur.
Siyahıda növbəti pillədə ticarət və xidmət sektoru qərarlaşıb. Bu sahəyə verilmiş kreditlərin həcmi 4,490 milyard manat təşkil edib ki, bu da illik müqayisədə 284,2 milyon manat və ya 6,8% artım deməkdir.
Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşlarının həcmi 2,512 milyard manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 610,4 milyon manat və ya 32,1% artıb.
İnşaat və tikinti sektoruna verilmiş kreditlərin həcmi 2,561 milyard manat təşkil edib. Bu, illik müqayisədə 774,1 milyon manat və ya 43,3% çoxdur.
Sənaye və istehsal sektoruna kredit qoyuluşları 1,652 milyard manat olub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 54 milyon manat və ya 3,4% artıb.
Mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna verilmiş kreditlərin həcmi 553,6 milyon manat təşkil edib. Bu, illik müqayisədə 184,4 milyon manat və ya 25% azdır.
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna kredit qoyuluşlarının həcmi isə 512,8 milyon manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 53,3 milyon manat və ya 9,4% azalıb.
Bununla yanaşı, bank sektorunda kreditləşmənin genişləndirilməsi üçün əlavə likvidlik imkanlarının olduğu bildirilir.
AMB sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair iyulun 31-də keçirilən mətbuat konfransında bildirib ki, məcburi ehtiyatlar nəzərə alınmadan bank sektorunda izafi likvidlik 6 milyard manat təşkil edir.
“Bizim likvidliklə bağlı bütün tələblərimizə bank sektoru tam riayət edir. Həmin tələblər nəzərə alınmaqla belə, ümumi hesablamalara əsasən bank sektorunun 4,6 milyard manat sərbəst vəsaiti mövcuddur. Banklar bu vəsaitləri həm kapitallaşmaya, həm də kreditləşməyə yönəldə bilərlər”, – deyə AMB sədri qeyd edib.
