Xankəndi. Trend:
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin Qarabağ və Şərqi Zəngəzura səfərinə qatılıb.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunmuş müxbiri xəbər verir ki, M.Qrono işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olmaq məqsədilə təşkil olunan səfərdə diplomatik korpusun digər nümayəndələri ilə birlikdə iştirak edir.
Xatırladaq ki, Aİ-nin xüsusi nümayəndəsi ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər, ikitərəfli tərəfdaşlığın inkişaf perspektivləri, habelə regionda mövcud vəziyyət və regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində aparılan işlər müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.
