Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) süni intellekt texnologiyaları üzrə ixtisaslaşan “Fluidstack” startapına təxminən 5 milyard ABŞ dolları məbləğində kredit verilməsi imkanını müzakirə edir.
Bu barədə “The Wall Street Journal” məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, kreditin əsas məqsədi ABŞ-da təchizat zəncirlərinin gücləndirilməsi və məlumat mərkəzləri üçün zəruri komponentlərin istehsalının genişləndirilməsi ola bilər.
Maliyyələşdirmənin Pentaqonun milli təhlükəsizlik baxımından strateji əhəmiyyətli layihələrə investisiya yatıran Strateji Kapital İdarəsi (OSC) vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Sövdələşmə baş tutacağı təqdirdə, bu, idarənin indiyədək təqdim etdiyi ən böyük kredit olacaq.
Mənbələr tərəflər arasında danışıqların artıq bir neçə aydır davam etdiyini bildirirlər. Bununla yanaşı, mümkün sövdələşmənin yekun şərtləri hələ müəyyən edilməyib.
2017-ci ildə Londonda yaradılan “Fluidstack” sonrakı mərhələdə fəaliyyətini ABŞ-da süni intellekt infrastrukturu sahəsinə yönəldib və baş qərargahını Nyu-Yorka köçürüb.
Şirkət həmçinin ABŞ-ın bir sıra ştatlarında məlumat
mərkəzlərinin qurulması üçün torpaq sahələrinin uzunmüddətli
icarəsinə dair müqavilələr bağlayıb.