Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Biləcəri–Yalama dəmir yolu xəttinin modernləşdirilməsi layihəsi çərçivəsində iki mühəndisin cəlb edilməsi üçün tender elan edib.
Bu barədə AİB-in tenderlər bölməsində məlumat dərc edilib.
Məlumata görə, IC-01 və IC-02 paketləri üzrə elektrikləşdirmə, həmçinin siqnalizasiya və telekommunikasiya mühəndisləri seçiləcək. Mütəxəssislər layihənin icrası zamanı "Azərbaycan Dəmir Yolları"na (ADY) texniki dəstək göstərəcəklər.
Hər bir məsləhətçi üzrə nəzərdə tutulan xidmət müddəti 1 021 iş günü, ayrılan büdcə isə 191 300 ABŞ dollarıdır. İşlərin 5 oktyabr 2026-cı ildə başlanması planlaşdırılır.
Tenderlər milli məsləhətçilər üçün nəzərdə tutulub və fərdi məsləhətçi seçimi (ICS) üsulu ilə keçirilir. Maraq ifadələrinin təqdim edilməsi üçün son tarix 17 sentyabr 2026-cı ilsie.
Layihə Biləcəri–Yalama dəmir yolu xəttinin elektrikləşdirilməsini, eləcə də siqnalizasiya və telekommunikasiya sistemlərinin modernləşdirilməsini nəzərdə tutur.
AİB-in 59329-001 layihə nömrəli “Azərbaycan Dəmir Yollarının Elektrifikasiyası, Siqnallaşdırılması və Telekommunikasiya Layihəsi (Biləcəri–Yalama)” üzrə ümumi kredit maliyyələşməsinin 350 milyon ABŞ dolları olması nəzərdə tutulur.
Layihənin icraçı qurumu "Azərbaycan Dəmir Yolları" QSC-dir.
Qeyd edək ki, daha əvvəl AİB-in Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Leya Qutyerres Trend-ə müsahibəsində bildirib ki, Bank Orta Dəhliz boyunca nəqliyyat, ticarət və enerji sahələrində inteqrasiyanın dərinləşdirilməsi istiqamətində fəaliyyətini daha da gücləndirir.
Leya Qutyerres Trend-ə bildirib ki, qurumun əsas təşəbbüslərindən biri Orta Dəhlizlə uzlaşan CAREC-2 nəqliyyat marşrutunun inteqrasiya olunmuş iqtisadi dəhlizə çevrilməsidir. Onun sözlərinə görə, bu çərçivədə infrastruktur və logistika sahələrinə investisiyalar tənzimləyici islahatlarla uzlaşdırılacaq, məqsəd isə Xəzər regionunda tranzit əlaqələrinin gücləndirilməsi və region ölkələrinin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsidir.
L.Qutyerres qeyd edib ki, AİB hazırda CAREC-2 dəhlizinin inkişafı üzrə xüsusi strategiya hazırlayır. Strategiyada sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi, ticarətin rəqəmsallaşdırılması və logistika mərkəzlərinin inkişafı kimi az xərc tələb edən, lakin yüksək səmərə verən layihələrə üstünlük veriləcək. Bununla yanaşı, uzunmüddətli nəqliyyat infrastrukturunun yenilənməsi üçün də zəmin yaradılacaq.
O əlavə edib ki, AİB Avropa Komissiyasının Transxəzər Nəqliyyat Dəhlizi üzrə Koordinasiya Platformasında iştirak edərək regiondakı təşəbbüslərin əlaqələndirilməsinə töhfə verir.
Enerji sahəsinə toxunan L.Qutyerres bildirib ki, AİB və Asiya İnfrastruktur İnvestisiya Bankı Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan elektrik kabeli vasitəsilə Orta Asiyadan Azərbaycana, buradan isə Avropaya "yaşıl" elektrik enerjisinin ötürülməsini nəzərdə tutan "Yaşıl enerji dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırılmasına dəstək göstərir.
Onun sözlərinə görə, bu layihə regionda təmiz enerji ticarətinin inkişafı, ölkələr arasında əlaqəliliyin gücləndirilməsi və uzunmüddətli enerji təhlükəsizliyinin təmin olunması baxımından böyük potensiala malikdir.
