Livanda Bəşər Əsədin qohumu məşhur narkobaronun oğlu ilə birlikdə saxlanılıb

Dünya xəbərləri Xəbər 12 Sentyabr 2026 02:11 (UTC +04:00)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Livanda ordu cümə günü devrilmiş Suriya Prezidenti Bəşər Əsədin uzaq qohumlarından birini, həmçinin məşhur livanlı narkobaron Nuh Zayterin oğlunu saxlayıb.

Bu barədə təhlükəsizlik xidmətindəki mənbə AFP-yə məlumat verib.

Anonimlik şərtilə danışan mənbənin sözlərinə görə, ordu Livanın şərqində yerləşən Bekaa bölgəsində narkotik maddə qəbul edən üç nəfəri saxlayıb. Saxlanılanlar arasında Suriyanın keçmiş liderinin əmisi oğlunun oğlu Süleyman Hilal əl-Əsəd də olub.

Mənbə Nuh Zayterin oğlu Əlinin də saxlanıldığını bildirib. Qeyd edək ki, məşhur narkobaronun özü ötən il ordu tərəfindən tutulub.

Saxlanılan üç nəfər dindirilmək üçün Livanın Müdafiə Nazirliyinə təhvil verilib.

Bəşər Əsədin 2024-cü ilin sonunda hakimiyyətdən devrilməsindən və onun Livandakı müttəfiqi “Hizbullah”ın zəifləməsindən sonra Suriya və Livan ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoymağa çalışır.

Bu ayın əvvəlində Livan hakimiyyəti Suriyanın keçmiş kəşfiyyat zabitlərindən birini və Suriyanın yeni hökumətinin qüvvələrinə qarşı hücumlar planlaşdırmaqda şübhəli bilinən bir neçə əlbirini saxlayıb.

Ötən ay isə Beyrut Əsəd dövrünün keçmiş generallarından birini Dəməşqə ekstradisiya edib. O, qətl və işgəncə də daxil olmaqla bir sıra cinayətlərdə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti