Bakı. Trend:
Avropa Yayım Birliyi (EBU) Qazaxıstanın “Xabar” agentliyinin tamhüquqlu üzvlük üçün müraciətini rədd edib. Bu üzvlük ölkəyə “Avroviziya-2027” mahnı müsabiqəsində ümumi qaydalar əsasında iştirak etmək imkanı verə bilərdi.
Bu barədə "Politico" nəşri yazıb.
EBU-nun assosiativ üzvü olan “Xabar” quruma tamhüquqlu üzv olmaq və Qazaxıstanın “Avroviziya-2027”də iştirakını təmin etmək üçün müraciət edib. Mövcud status agentliyə EBU ilə əməkdaşlıq etmək imkanı verir, lakin öz-özlüyündə tamhüquqlu üzvlərlə eyni əsaslarla böyüklər arasında keçirilən mahnı müsabiqəsində iştirak hüququ vermir.
EBU bildirib ki, Qazaxıstan hazırda qüvvədə olan meyarlara uyğun gəlmir. Tam üzvlük Beynəlxalq Telekommunikasiya İttifaqının Avropa Yayım Zonasına daxil olan ölkələrin yayımçıları, yaxud Avropa Şurasına üzv dövlətlərin yayımçıları üçün mümkündür.
EBU-nun nizamnaməsinə 2026-cı ilin iyununda edilən dəyişiklikdən sonra daha bir imkan yaranıb. Avropa Yayım Zonasından kənarda yerləşən ölkələrin yayımçıları həmin dövlətlərin Avropa Şurasında rəsmi müşahidəçi statusuna malik olması və EBU-nun digər tələblərinə cavab verməsi şərtilə tamhüquqlu üzvlük üçün müraciət edə bilərlər.
