Bakı. Trend:
Fransanın Sen-Maritim departamentində sentyabrın 11-də Ruen-Kan marşrutu üzrə hərəkət edən sərnişin qatarı hələlik müəyyən edilməyən səbəbdən relsdən çıxıb.
Hadisə Kleon və Turvil-la-Rivyer kommunaları yaxınlığında baş verib.
Qatarda 186 sərnişin olub. Onlardan 18 yaşlı qadın sərnişin ağır vəziyyətdə təcili xəstəxanaya çatdırılıb. Daha 43 nəfərə təxirəsalınmaz tibbi yardım göstərilib. Ruen prokurorluğunun məlumatına görə, digər 142 sərnişin hadisənin iştirakçısı kimi qiymətləndirilir. Onlar Kleon meri tərəfindən ayrılmış zala yerləşdiriliblər.
Sen-Maritim prefektinin sözlərinə görə, hadisə yerinə tibbi briqada da daxil olmaqla 130 yanğınsöndürən və 80 texnika cəlb edilib. SAMU-nun dörd tibbi briqadası da zərərçəkənlərə yardım göstərib. Prefekt departament üzrə əməliyyat mərkəzini işə salıb.
Səlahiyyətlilər əhalidən hadisə bölgəsinə getməmələrini xahiş ediblər. İstintaqın uzun çəkəcəyi bildirilib.
Nəqliyyat naziri bildirib ki, prefekt hadisə yerinə gedərək xilasetmə xidmətlərinin və Fransa Milli Dəmir Yolları Şirkəti əməkdaşlarının fəaliyyətini koordinasiya edir.
Məlumatına görə, prioritet sərnişinlərə yardım göstərilməsi və daha sonra dəmir yolu hərəkətinin bərpasıdır. Xətt üzrə hərəkət dayandırılıb, xilasetmə işlərinin aparılması üçün elektrik enerjisi kəsilib.
Fransa Milli Dəmir Yolları Şirkəti və polis qəzanın səbəblərini araşdırır. Ruen prokurorluğu ağır xəsarətlərin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı istintaq başladıldığını bildirib. Qatarın maşinisti üzərində aparılan bütün testlərin nəticəsi mənfi olub.
Qəza Ruen-Kan və Kan-Le Havr marşrutlarında hər iki istiqamətdə ciddi nəqliyyat problemlərinə səbəb olub. Fransa Milli Dəmir Yolları Şirkəti alternativ avtobus xidməti təşkil edəcək.
