Azərbaycanın "yaşıl enerji"sinin Avropaya ixracı üçün üç əsas layihə uğurla irəliləyir - Alparslan Bayraktar (MÜSAHİBƏ)

İqtisadiyyat Müsahibə 11 Sentyabr 2026 15:38 (UTC +04:00)
Azərbaycanın "yaşıl enerji"sinin Avropaya ixracı üçün üç əsas layihə uğurla irəliləyir - Alparslan Bayraktar (MÜSAHİBƏ)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyur və tərəflər elektrik enerjisi, xüsusilə də bərpa olunan enerji sahəsində bir sıra böyük regional layihələr həyata keçirir.

Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində Trend-ə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Azərbaycan hazırda təbii qaz tədarükündə Avropa üçün strateji tərəfdaşlardan biridir və ölkənin enerji ixracı sahəsində formalaşdırdığı modelin "yaşıl enerji" sektorunda da tətbiqi nəzərdə tutulur.

"Azərbaycan təbii qaz tədarükündə Avropa üçün strateji tərəfdaşdır. Ölkə 16 ayrı dövlətə təbii qaz tədarük edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Oxşar modeli elektrik enerjisi, xüsusilə yaşıl enerji sahəsində də tətbiq etməyi planlaşdırırıq", - deyə A.Bayraktar bildirib.

O qeyd edib ki, Azərbaycanın yüksək bərpa olunan enerji potensialı, eləcə də Özbəkistan və Qazaxıstan kimi Türk dövlətləri ilə əldə olunan razılaşmalar regionun enerji resurslarının Azərbaycan və Türkiyə üzərindən Avropa bazarlarına çıxarılması üçün yeni imkanlar yaradır.

"Bu strategiyanın həyata keçirilməsi üçün üç müxtəlif layihə inkişaf etdirilir. Türkiyənin də fəal iştirakı ilə reallaşdırılması nəzərdə tutulan bu layihələr Avropanın ehtiyac duyduğu karbon neytral, yaşıl enerjiyə çıxışını təmin edəcək", - nazir vurğulayıb.

A.Bayraktar Azərbaycan-Türkiyə enerji əməkdaşlığının yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmadığını, regional və Avropa enerji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında nümunəvi enerji əməkdaşlığının əsas institusional platformalarından biridir. Forum növbə ilə bir il Türkiyədə, bir il Azərbaycanda keçirilir.

"Hazırda elektrik enerjisi, neft və təbii qaz, mədənçilik, enerji səmərəliliyi və digər istiqamətlər üzrə altı müxtəlif sahədə işçi qrupları fəaliyyət göstərir. Qurumlararası əməkdaşlıqla yanaşı, özəl sektor nümayəndələri də bu prosesə cəlb edilir. Bununla da iki ölkənin enerji sektorları arasında inteqrasiya daha da gücləndirilir", - deyə o əlavə edib.

Neft və qaz sahəsində əməkdaşlıq

Türkiyənin energetika və təbii sərvətlər naziri bildirib ki, Azərbaycan və Türkiyə arasında 1990-cı illərdən başlayan enerji tərəfdaşlığı neft və təbii qazın hasilatından nəqlinə qədər genişlənib.

O qeyd edib ki, TANAP və TAP layihələri Azərbaycan təbii qazının Türkiyəyə və Türkiyə üzərindən Avropaya çatdırılmasında mühüm rol oynayır.

"TANAP vasitəsilə nəql edilən Azərbaycan qazının ümumi həcmi artıq 100 milyard kubmetr həddini keçib", - A.Bayraktar deyib.

Nazir Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin də regionun və Avropanın enerji təchizatı təhlükəsizliyində mühüm rol oynadığını bildirib.

Onun sözlərinə görə, BTC vasitəsilə Ceyhan terminalından dünya bazarlarına gündəlik təxminən 500-600 min barel xam neft çıxarılır. Kəmərin ötürmə qabiliyyətinin isə daha yüksək olduğunu qeyd edən A.Bayraktar Mərkəzi Asiya və digər Türk dövlətlərinin neft resurslarının da bu infrastruktura cəlb edilməsinin vacibliyini vurğulayıb.

"Bizim məqsədimiz Mərkəzi Asiya və Türk dünyasının neftini də bu xəttə cəlb etmək və mövcud infrastrukturu tam gücü ilə istifadə etməkdir", - deyə o bildirib.

"Yaşıl enerji" üzrə üç böyük layihə

A.Bayraktar qeyd edib ki, Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı artıq elektrik enerjisi və bərpa olunan enerji sahəsində yeni mərhələyə keçib.

Onun sözlərinə görə, bu istiqamətdə üç əsas layihə diqqət mərkəzindədir.

"Birinci layihə Naxçıvanın elektrik şəbəkəsinin Türkiyə ilə inteqrasiyasını və iki tərəf arasında enerji mübadiləsini nəzərdə tutur. Gələcəkdə bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas ərazisi ilə əlaqələndirilməsi də mümkündür", - nazir deyib.

O bildirib ki, ikinci istiqamət Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanı birləşdirəcək dördtərəfli elektrik enerjisi dəhlizidir.

"Bu, dörd ölkəni əhatə edən mühüm yaşıl enerji layihəsidir. Layihə Azərbaycanın istehsal etdiyi elektrik enerjisinin Gürcüstan, Türkiyə və daha sonra Bolqarıstan vasitəsilə Avropa bazarlarına çıxarılmasına imkan yaradacaq", - A.Bayraktar vurğulayıb.

Nazirin sözlərinə görə, üçüncü mühüm layihə Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan sualtı elektrik kabelidir.

"Bu layihə Azərbaycan və Gürcüstandan başlayaraq Qara dənizin dibi ilə Rumıniya və Macarıstana qədər uzanacaq böyük interkonnektor proqramıdır. Azərbaycan tərəfinin dəvəti ilə Türkiyə də bu layihədə iştirak etmək niyyətini və dəstəyini ifadə edib", - o bildirib.

Türk dövlətlərinin enerji potensialı

A.Bayraktar Türk dövlətləri arasında enerji və mədənçilik sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

O bildirib ki, region ölkələri bir-birini tamamlayan enerji və xammal resurslarına malikdir.

"Türkmənistan dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik ölkələrdən biridir. Qazaxıstan qlobal səviyyədə mühüm neft istehsalçısı olmaqla yanaşı, dünyanın əsas uran tədarükçülərindən biridir. Regionun potensialı yalnız karbohidrogenlərlə məhdudlaşmır. Burada sənaye üçün mühüm əhəmiyyət daşıyan müxtəlif faydalı qazıntı və mədən resursları da mövcuddur", - nazir deyib.

Onun sözlərinə görə, Türkiyə bu zəncirdə həm böyük istehlak bazarı, həm də mühüm tranzit mərkəz kimi çıxış edir.

"Türkiyənin sürətlə böyüyən iqtisadiyyatı və güclü sənaye infrastrukturu davamlı olaraq xammala, mədən resurslarına və elektrik enerjisinə tələbat yaradır. Mərkəzi Asiya Türk dövlətlərinin zəngin resursları isə Azərbaycan və Türkiyənin mövcud nəqliyyat və enerji infrastrukturu vasitəsilə müxtəlif dünya bazarlarına çıxarıla bilər", - A.Bayraktar bildirib.

Qlobal enerji böhranı və təchizat təhlükəsizliyi

Nazir hazırda qlobal enerji bazarlarında təchizat təhlükəsizliyinin əsas məsələlərdən biri olaraq qaldığını bildirib.
Onun sözlərinə görə, enerji bazarlarında pandemiya dövründə müşahidə olunan tələbat yönümlü böhrandan fərqli olaraq hazırda təklif və təchizatla bağlı təzyiqlər ön plana çıxır. Bu vəziyyət neft, benzin, dizel və təbii qaz qiymətlərinə də təsir göstərir.

A.Bayraktar Avropada təbii qaz qiymətlərinin yüksəldiyini və bunun əsas səbəblərindən birinin qitə ölkələrinin qaz anbarlarını doldurmaq üçün bazardan daha çox həcmdə qaz alması olduğunu deyib.

Türkiyənin isə mənbə və marşrutlarını şaxələndirdiyini bildirən nazir ölkənin enerji təchizatı baxımından ciddi çətinliklə üzləşmədiyini qeyd edib.

"Türkiyənin mənbələri və marşrutları şaxələndirilib. Təbii qaz anbarlarımız iyul ayından etibarən 100 faiz doluluq səviyyəsinə çatdırılıb. Eyni zamanda, su anbarlarımızdakı hidroenerji ehtiyatları da yüksək səviyyədədir", - A.Bayraktar deyib.

O vurğulayıb ki, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi regional enerji layihələri qlobal böhranlar fonunda təchizat təhlükəsizliyinin təmin olunması baxımından nümunəvi əməkdaşlıq modeli formalaşdırır.

A.Bayraktarın sözlərinə görə, enerji marşrutlarının və resurslarının şaxələndirilməsi, eləcə də ölkələr arasında sıx əməkdaşlığın gücləndirilməsi qlobal enerji təhlükəsizliyinin təmin olunmasında həlledici əhəmiyyət daşıyır.

"Azərbaycanın zəngin enerji resursları, Türkiyənin böyük daxili bazarı, strateji coğrafi mövqeyi və Avropa ilə geniş nəqliyyat və enerji əlaqələri bir-birini tamamlayır. Bu layihələr yalnız Azərbaycan-Türkiyə münasibətlərini möhkəmləndirmir, eyni zamanda Mərkəzi Asiya və Türk dövlətlərinin enerji resurslarının vahid infrastruktur vasitəsilə Avropa bazarlarına çatdırılmasına imkan yaradır", - deyə nazir əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti