Bakı. Trend:
Azərbaycanın yüksək bərpa olunan enerji potensialı, eləcə də Özbəkistan və Qazaxıstan kimi Türk dövlətləri ilə əldə olunan razılaşmalar regionun enerji resurslarının Azərbaycan və Türkiyə üzərindən Avropa bazarlarına çıxarılması üçün yeni imkanlar yaradır.
Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində Trend-ə özəl müsahibəsində deyib.
"Bu strategiyanın həyata keçirilməsi üçün üç müxtəlif layihə inkişaf etdirilir. Türkiyənin də fəal iştirakı ilə reallaşdırılması nəzərdə tutulan bu layihələr Avropanın ehtiyac duyduğu karbon neytral, yaşıl enerjiyə çıxışını təmin edəcək", - nazir vurğulayıb.
A.Bayraktar qeyd edib ki, Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı artıq elektrik enerjisi və bərpa olunan enerji sahəsində yeni mərhələyə keçib.
Onun sözlərinə görə, bu istiqamətdə üç əsas layihə diqqət mərkəzindədir.
"Birinci layihə Naxçıvanın elektrik şəbəkəsinin Türkiyə ilə inteqrasiyasını və iki tərəf arasında enerji mübadiləsini nəzərdə tutur. Gələcəkdə bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas ərazisi ilə əlaqələndirilməsi də mümkündür", - nazir deyib.
O bildirib ki, ikinci istiqamət Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanı birləşdirəcək dördtərəfli elektrik enerjisi dəhlizidir.
"Bu, dörd ölkəni əhatə edən mühüm yaşıl enerji layihəsidir. Layihə Azərbaycanın istehsal etdiyi elektrik enerjisinin Gürcüstan, Türkiyə və daha sonra Bolqarıstan vasitəsilə Avropa bazarlarına çıxarılmasına imkan yaradacaq", - A.Bayraktar vurğulayıb.
Nazirin sözlərinə görə, üçüncü mühüm layihə Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan sualtı elektrik kabelidir.
"Bu layihə Azərbaycan və Gürcüstandan başlayaraq Qara dənizin dibi ilə Rumıniya və Macarıstana qədər uzanacaq böyük interkonnektor proqramıdır. Azərbaycan tərəfinin dəvəti ilə Türkiyə də bu layihədə iştirak etmək niyyətini və dəstəyini ifadə edib", - o bildirib.
