Şuşa. Trend:
Azərbaycan və Serbiya arasında əməkdaşlığın gələcəkdə daha yüksək səviyyəyə qalxacağına inanıram.
Bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunmuş müxbirinə açıqlamasında deyib.
“Hazırda siyasi münasibətlərimiz ən yüksək mərhələdədir. Ölkələrimiz müxtəlif sahələrdə, o cümlədən xarici siyasət və çoxtərəfli platformalar çərçivəsində sıx əməkdaşlıq edir. Parlamentlər və hökumətlər səviyyəsində də fəal əməkdaşlığımız mövcuddur”, – səfir bildirib.
D.Vladisavlyeviç qeyd edib ki, Azərbaycan və Serbiya arasında iqtisadi əlaqələr də uğurla inkişaf edir.
“Ticarət və energetika sahələrində çox yaxşı əməkdaşlığımız var. Eyni zamanda, müdafiə və hərbi-texniki sahələrdə əməkdaşlığımız yüksək səviyyədədir. Mədəni əlaqələrimiz də inkişaf edir. Turizm mübadiləsi artır, ölkələrimiz arasında birbaşa aviareyslər və vizasız rejim mövcuddur. Ümumilikdə, strateji tərəfdaşlar kimi münasibətlərimiz ən yüksək səviyyədədir”, – diplomat vurğulayıb.
Səfir iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərə də toxunub.
“Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycana sonuncu səfəri may ayında olub. O, Bakıya səfər etmişdi. Prezident İlham Əliyev isə bu ilin fevral ayında Serbiyaya səfər edib. Beləliklə, bu il iki ölkənin prezidentləri qarşılıqlı səfərlər həyata keçiriblər.
Prezidentimizin səlahiyyət müddəti başa çatır və ölkəmizdə yeni prezident seçkiləri keçiriləcək. Eyni zamanda, parlament seçkiləri də keçiriləcək. Böyük ehtimalla, hazırkı prezidentimiz yeni Baş nazir olacaq. Yeni hökumət formalaşdırıldıqdan sonra əməkdaşlığımızı davam etdirəcəyik. İnanıram ki, əməkdaşlığımız indiki səviyyədən aşağı olmayacaq, əksinə, daha yüksək səviyyəyə qalxacaq”, – səfir bildirib.
