Azərbaycanda 10-11-ci siniflərdə təmayüllü siniflərin sayının artırılması vacibdir – Bəxtiyar Əliyev

Cəmiyyət Xəbər 11 Sentyabr 2026 13:46 (UTC +04:00)
Azərbaycanda 10-11-ci siniflərdə təmayüllü siniflərin sayının artırılması vacibdir – Bəxtiyar Əliyev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 10-11-ci siniflərdə təmayüllü siniflərin sayının artırılması vacibdir, çünki şagirdlər bu mərhələdə gələcək peşələrini seçir və həmin istiqamətlər üzrə hazırlaşırlar.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Bəxtiyar Əliyev komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, dərsliklərlə bağlı məsələlər cəmiyyəti narahat edən mövzulardandır və bu məsələlər Milli Məclisdə dəfələrlə müzakirə olunub.

“Bizim Elm və təhsil komitəsində də bu dərsliklərlə bağlı rəy hazırlanıb və Milli Məclis adından Elm və Təhsil Nazirliyinə təqdim edilmişdi”, – deyə B.Əliyev qeyd edib.

Deputatın sözlərinə görə, yeni kurikulumlar yeni tələblər irəli sürür. Bununla yanaşı, praktikada zamanın sürətlə dəyişdiyi, yeni peşələrə ehtiyac yarandığı və peşə standartlarının yeniləndiyi müşahidə olunur.

“Peşə standartlarına uyğun təhsil standartları da dəyişir. Amma biz baxırıq ki, həmin peşə standartları və təhsil standartları özü də gecikdiyi üçün həm də elə o yeni peşələrə uyğun yeni dərsliklərin hazırlanmasında da problemlər meydana çıxıb”, – B.Əliyev bildirib.

O vurğulayıb ki, peşə standartları, təhsil standartları və dərsliklərin hazırlanması bir-biri ilə əlaqəli məsələlərdir.

B.Əliyev qeyd edib ki, Elm və təhsil komitəsinin bir çox üzvünün bu sahədə təcrübəsi var və onlar bilavasitə ayrı-ayrı məsələlərin iştirakçıları olublar.

Onun sözlərinə görə, ayrı-ayrı sahələr üzrə təhsil proqramlarının və peşə standartlarının hazırlanması, dərsliklərin hazırlanması, elmi tədqiqat müəssisələri, universitetlərin elmi-təhsil qurumları və peşə təhsili üzrə müzakirələrin aparılması, eləcə də mütəxəssis rəylərinin əldə edilməsi ilə bağlı müəyyən problemlər mövcuddur.

“Bəzən, yumşaq desək, formal xarakter daşıyıbdır. Amma geniş onun müzakirəsi və eyni zamanda da orta məktəb müəllimləri, şübhəsiz ki, orta məktəb dərsliyinin yazılmasına cəlb edilirlər. Amma burada da yenə biz görürük ki, müəyyən problemlər hələ də qalmaqdadır”, – deputat deyib.

O bildirib ki, Ümumi təhsil haqqında qanunda yuxarı siniflərin, yəni 10-11-ci siniflərin təmayüllü siniflər olması nəzərdə tutulub.

“Amma ölkə üzrə təmayüllü siniflərin sayı yalnız barmaqla sayıla bilir”, – B.Əliyev vurğulayıb.

Deputatın sözlərinə görə, təmayüllü siniflərin yaradılması ona görə vacibdir ki, şagirdlər 10-11-ci siniflərdə artıq gələcək peşələrini seçir və həmin siniflərdə təmayül fənləri üzrə hazırlaşırlar.

O qeyd edib ki, bu yanaşma bir sıra neqativ halların, o cümlədən dərsdən yayınmaların və digər problemlərin həllinə də töhfə verə bilərdi.

B.Əliyev bildirib ki, Elm və Təhsil Nazirliyinin yaxın vaxtlarda atdığı yeni addımlar və bu istiqamətdə təşəbbüslər təmayüllü siniflərlə bağlı məsələnin də müzakirə olunmasına imkan verəcək.

“Çünki bu, bilavasitə dərsliklərlə və qanunun icrası ilə bağlı olan məsələdir”, – o deyib.

Deputat hesab edir ki, Elm və təhsil komitəsi bu məsələlərlə bağlı vaxtilə Milli Məclisdə kifayət qədər müzakirələr keçirib.

O xatırladıb ki, Elm və təhsil naziri Sahibə Qafarovanın təşəbbüsü ilə bu istiqamətdə dinləmələr də keçirilib.

B.Əliyev qeyd edib ki, sertifikasiya məsələləri ilə bağlı müəyyən dövrdə cəmiyyətdə ciddi narahatlıqlar mövcud olub və bu məsələ geniş şəkildə müzakirə edilib.

“Geniş müzakirələr keçirilibdir və bununla bağlı da müvafiq qərarlar qəbul olundu”, – deyə o bildirib.

Deputatın sözlərinə görə, bununla əlaqədar Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya prosedurlarında da bir sıra dəyişikliklər baş verib.

O vurğulayıb ki, bu tədbirlər ilk növbədə təhsilin keyfiyyətinin artırılmasına və müəllimlərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə xidmət edir.

“Bunlar ilk növbədə təhsilin keyfiyyətinin artırılmasına, müəllimlərin peşə hazırlığının səviyyəsinin artırılmasına xidmət edən tədbirlərdir ki, bunlar da bu gün davam etdirilir”, – B.Əliyev əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti