Alyaska sularında üç gün ərzində qayığın gövdəsindən yapışan 15 yaşlı yeniyetmə tapılıb

Dünya xəbərləri Xəbər 12 Sentyabr 2026 06:22 (UTC +04:00)
Alyaska sularında üç gün ərzində qayığın gövdəsindən yapışan 15 yaşlı yeniyetmə tapılıb

Bakı. Trend:

Yeniyetmənin dözümlülüyü xilasediciləri heyrətə gətirib. Təxminən üç gün ərzində kiçik balıqçı qayığının çevrilmiş gövdəsindən yapışaraq Berinq dənizinin buz kimi soyuq sularında qalan 15 yaşlı yeniyetmə bazar ertəsi ABŞ-ın Alyaska sahillərində sağ tapılıb. Onun 35 yaşlı qardaşı və əmisi oğlu gəminin qəzaya uğramasından sonra həlak olub. Hipotermiya əlamətləri olan yeniyetmə isə onun köməyinə gələn balıqçı qayığının heyəti tərəfindən xilas edilib.

Faciə sentyabrın 4-də, cümə günü, Alyaskanın qərbində, ABŞ materikindən təxminən 100 kilometr, Rusiyadan isə cəmi bir neçə on kilometr məsafədə yerləşən təcrid olunmuş Sent-Lourens adası yaxınlığında baş verib. Qrup 5,5 metr uzunluğunda balıqçı qayığı ilə Savoonga kəndindən cümə günü yola çıxıb və bazar günü səhər geri qayıtmağı planlaşdırıb. Onlar sahilə qayıtmayınca, bazar günü axşam hakimiyyət orqanlarına itkin düşmələri barədə məlumat verilib. Lakin əlverişsiz hava şəraiti və zəif görünüş səbəbindən hava xilasediciləri axtarışlara yalnız bazar ertəsi səhər başlaya biliblər.

ABŞ Sahil Mühafizəsinə məxsus HC-130 təyyarəsi nəhayət adadan təxminən 6,5 kilometr məsafədə çevrilmiş qayığı aşkar edib. Həmin vaxt yeniyetmə təkbaşına qayığın gövdəsinin üzərində olub. Təyyarənin heyəti ona xilasetmə salı və sağ qalmaq üçün avadanlıq atıb, daha sonra yaxınlıqda olan Northwest Explorer qayığının köməyi ilə xilasetmə əməliyyatını koordinasiya edib. Gəminin qəzanın yerini daha asan müəyyən etməsi üçün siqnal raketləri də atılıb.

Xilasetmə görüntülərində sarı gödəkçə geyinmiş yeniyetmənin çevrilmiş qayığın gövdəsi üzərində diz çökdüyü görünür. Kadrlarda ekipaj üzvlərindən birinin qayığa yaxınlaşmazdan əvvəl ona kəndir atdığı əks olunur. Daha sonra yeniyetmə xilasetmə xərəkindən istifadə edilməklə qayığa qaldırılıb. Onda hipotermiya əlamətləri müşahidə olunub və ABŞ materikindəki Nome şəhərinə aparılmazdan əvvəl isidilib. Onunla birlikdə iki həlak olan şəxsin cəsədləri də aparılıb.

“Bu, möcüzədən başqa bir şey deyil”, - deyə yeniyetməni aşkar edən ABŞ Sahil Mühafizəsinin pilotu, leytenant-komandir Jonathon Resch ABC News telekanalına müsahibəsində bildirib.

“İnsanlar belə vəziyyətlərdə sağ qalmırlar. İnsanlar qayıqlarını aşırıb, bir neçə gecə sağ qalmırlar. Onlar bunu isti suda belə edə bilməzlər, 40 dərəcə (Farenheyt, yəni 4,5 dərəcə Selsi - red.) temperaturunda olan suda isə heç mümkün deyil”, - deyə o, suyun son dərəcə soyuq olmasına diqqət çəkərək əlavə edib.

Northwest Explorer gəmisinin kapitanı Adam White da yeniyetmənin dözümlülüyündən heyrətləndiyini bildirib. “Bu, olduqca güclü uşaqdır”, - deyə o, Associated Pressə istinadən yerli KTUU-TV telekanalına bildirib. Yeniyetmə ona qayığa təxminən üç gün ərzində yapışaraq qaldığını deyib.

Bədbəxt hadisəyə nə səbəb olub? Yeniyetmənin qardaşı Darren Toolie-Noongwookun sözlərinə görə, balıqçılıq xətti mühərrikə ilişərək qayığın normal hərəkətinə mane olub. Daha sonra hava şəraiti pisləşərkən qayıq çevrilib. Qayıq aşdıqdan sonra yeniyetmə və əmisi oğlu gövdənin üzərinə çıxmağa nail olublar. Lakin əmisi oğlunun panikaya düşərək özünü suya atdığı və nəticədə boğulduğu bildirilir.

Bundan sonra yeniyetmə xilasetmə xidmətlərini gözləyərək və tapılacağına dua edərək çevrilmiş qayığın üzərində tək qalıb.

“Dedi ki, sağ qalacağına inanırdı. Onu tapacağımıza və təhlükəsiz olacağına inanırdı və elə də oldu”, - deyə qardaşı bildirib.

Yeniyetmənin vəziyyəti hazırda həyati təhlükə doğurmur.

Xəbər lenti

Xəbər lenti