Tramp: avtomobil sənayesini qorumaq üçün Kanada ABŞ ştatına çevrilməlidir

Dünya xəbərləri Xəbər 12 Sentyabr 2026 04:00 (UTC +04:00)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Kanada avtomobil şirkətlərini qoruyub saxlamaq üçün ölkənin ABŞ-ın ştatına çevrilməli olduğunu bildirib.

“Kanada uzun illərdir bizi soyur. Bunlar iş görməyin ən çətin olduğu insanlardır. Onlar bunun üçün haqları olduğunu düşünürlər. Onlar ştat olmalıdırlar”, - deyə ABŞ lideri WABC radiostansiyasına müsahibəsində bildirib.

“Əgər onlar ştat olsaydılar, heç bir problem olmazdı. Mən oradakı avtomobil istehsalçılarına fəaliyyətlərini davam etdirməyə icazə verərdim. Lakin mən onlara rüsumlar tətbiq etdiyim üçün onların bir çoxunu ölkəmizə gətiririk”, - Tramp əlavə edib.

Avqustun sonunda ABŞ-da fəaliyyət göstərən Kanada şirkətlərinə rüsumlardan yayınmaq üçün bizneslərini tamamilə ABŞ-a köçürməyi təklif edən Tramp bundan əvvəl də dəfələrlə Kanadanın ABŞ-a birləşdirilməsi imkanından danışıb.

ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir avqust ayında bildirib ki, Ottava Vaşinqtonun fikrincə, qarşılıqlı faydalı olan ikitərəfli ticarət sazişindən imtina edib. Bununla əlaqədar avqustun 22-dən etibarən Kanadanın müəyyən kateqoriyalı mallarına 50 faizlik ABŞ idxal rüsumları qüvvəyə minib.

Kanadanın Baş naziri Mark Karni ABŞ-la ticarət danışıqlarını dayandırmaq qərarına gəldiyini təsdiqləyib və Ottavanın Vaşinqtona qarşı cavab rüsumları tətbiq edəcəyini bildirib. O, həmçinin ABŞ və Kanada arasında “ticarət müharibəsinin” başladığını vurğulayıb. Karninin fikrincə, bu müharibəni Vaşinqton başlayıb.

Daha sonra Tramp ABŞ-ın 2027-ci il yanvarın 1-dən Kanada avtomobillərinə, avtomobil hissələrinə və polada 50 faizlik rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb.

Sentyabrın 8-də Ottavanın ABŞ məhsullarına tətbiq etdiyi cavab rüsumları qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti