Bakı. Trend:
İraq hökuməti Səudiyyə Ərəbistanının ərazisindəki obyektə hücumu pisləyib və hücumun hallarının dərhal araşdırılmasına başlanılması barədə göstəriş verib. Bu barədə ərəb respublikası Nazirlər Kabinetinin xüsusi bəyanatında bildirilib.
“İraq hökuməti Səudiyyə Ərəbistanına hücumu pisləyir və krallığın təhlükəsizliyinə və sabitliyinə təhdid yaradan, yaxud iki ölkə arasında qardaşlıq münasibətlərinə xələl gətirən hər hansı təcavüz aktını qəbul etmədiyini bəyan edir”, - sənəddə qeyd olunub.
Bildirilib ki, İraqın Baş naziri Əli əz-Zeyidi “hücumun hallarının təcili araşdırılması, onun arxasında duran tərəflərin müəyyənləşdirilməsi, eləcə də iştirakı sübuta yetirilən bütün şəxslər barəsində hüquqi tədbirlərin görülməsi barədə göstəriş verib”.
“Dövlət İraqa və ya onun dost ölkələrlə münasibətlərinə təhlükə yaradan heç bir fəaliyyətə dözməyəcək”, - bəyanatda vurğulanıb.
Bağdad “Səudiyyə Ərəbistanının mövqeyini və İraqın vəziyyətin tənzimlənməsi istiqamətində səylərinə konstruktiv reaksiyasını yüksək qiymətləndirir”.
İraq hökumətinin qənaətinə görə, bu, “krallığın İraqın təhlükəsizliyinin və sabitliyinin təmin edilməsinə sadiqliyini nümayiş etdirir”.
İraqın Baş naziri, eyni zamanda ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Əli əz-Zeyidi Səudiyyə Ərəbistanının ərazisindəki neft obyektinə dronlarla hücumun həyata keçirildiyi Meysan vilayətindəki qoşunların komandanını vəzifəsindən azad edib. Bu barədə INA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, əz-Zeyidi krallığa son hücumların bu vilayətdə yerləşən ərazidən həyata keçirildiyi barədə məlumatların təsdiqlənməsindən sonra Meysan Əməliyyat Komandanlığının rəhbərini vəzifəsindən kənarlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi “Şərq-Qərb” neft kəmərinə İraqdan buraxılan bir neçə pilotsuz uçuş aparatı ilə hücum edildiyini açıqlayıb.
