İsrailin mədəniyyət naziri NAZA filminin müəlliflərinin vətəndaşlıqdan məhrum edilməsini istəyir

Dünya xəbərləri Xəbər 14 Sentyabr 2026 01:39 (UTC +04:00)

Bakı. Trend:

İsrailin mədəniyyət naziri Miki Zohar sənədli NAZA (NAZA, 2026) filminin rejissorlarının İsrail vətəndaşlığından məhrum edilməsini tələb edib. Onun fikrincə, filmdə İsrail ordusunun tənqid edilməsi yolverilməzdir və dövlətə xəyanətə bərabərdir.

Qəzza zolağında gedən döyüşlər zamanı fələstinlilərin kütləvi şəkildə həlak olmasından bəhs edən bu film ötən Venesiya Film Festivalında mükafat alıb. Filmin rejissorları Yuval Abraham və Raxel Şor olub. Abraham daha əvvəl İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrindən bəhs edən və “Oskar” mükafatına layiq görülmüş “Başqa torpaq yoxdur” (No Other Land, 2024) sənədli filminin həmmüəllifi olub.

“NAZA adlı iyrənc filmin Venesiya Film Festivalında qələbəsi şoka salır. Dünyanın hər yerindən olan antisemitlərin alqışlarını qazanmaq naminə öz ölkələrinə zərər vurmağa hazır olan yaradıcılarının özlərinə nifrəti ağlasığmazdır və dövlətə xəyanət təşkil edir”, — Zohar X sosial şəbəkəsində yazıb. “Mədəniyyət naziri kimi dövlətə xəyanət etdiklərinə görə bu iyrənc rejissorların İsrail vətəndaşlığından məhrum edilməsi üçün dərhal tədbirlər görəcəyəm”, — o əlavə edib.

NAZA filmi sentyabrın 2-dən 12-dək keçirilən Venesiya Film Festivalında münsiflər heyətinin xüsusi mükafatını alıb. Bu, əsas müsabiqədə iştirak edən yeganə sənədli film olub. Filmdə Qəzza zolağında HƏMAS-ın silahlı dəstələrinə qarşı İsrail ordusunun keçirdiyi əməliyyatlarda “mülki itkilərin” əvvəlcədən nəzərdə tutulduğunu danışan israilli hərbçilərlə anonim müsahibələr yer alır. Filmin adı ivrit dilindəki hərbi “nezek agavi” terminindən törəyən akronimin latın qrafikası ilə yazılış formasıdır və tərcümədə “yanaşı zərər” mənasını verir.

Xəbər lenti

Xəbər lenti