Bakı. Trend:
Dinc məqsədli nüvə obyektləri hücumlar və hücumla hədələnmək qarşısında toxunulmaz olmalıdır.
Bunu İran Prezidenti Məsud Pezeşkian Yeni Dehlidə keçirilən BRICS-ə üzv ölkələrin dövlət başçılarının qeyri-plenar iclasında deyib.
“BRICS-ə üzv ölkələr qeyri-hərbi və önəmli infrastrukturlara hücumun adiləşməsinin qarşısında dayana bilərlər. Bu məsələ dinc məqsədli nüvə obyektləri barəsində də keçərlidir. Həmin obyektlər hücumlar və hücumla hədələnmək qarşısında toxunulmaz qalmalıdır. Çünki onları təhlükəyə atmaq sırf bir ölkə ilə məhdudlaşmır və beynəlxalq sülh və təhlükəsizliyi hədələyir”, - deyə o qeyd edib.
Pezeşkian bildirib ki, İran BRICS-də üç prosesi dəstəkləyir: BMT nizamnaməsinin müdafiəsi istiqamətində üzv ölkələrin siyasi koordinasiyasının möhkəmlənməsi, monopoliya vasitələrindən kənar maliyyə və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və bütün üzvlər, xüsusilə cənubda yerləşən ölkələrin elm, texnologiya, enerji və ərzaq təhlükəsizliyində əməkdaşlığın möhkəmlənməsi.
“Hazırda dünyanın daha çox əməkdaşlığa ehtiyacı var. Lakin ədalət olmadan dayanıqlı əməkdaşlıq mümkün deyil.
İranın qənaətincə, beynəlxalq hüququn ayrı-seçkilik olmadan icrası, ölkələrin hakimiyyətinə qarşılıqlı hörmət olmalıdır. Heç bir ölkə iqtisadi və ya hərbi gücünə görə, hamı üçün icrası zəruri sayılan qaydalardan istisna edilməməlidir.
BMT Təhlükəsizlik Şurası və beynəlxalq dairələr cənub ölkələrin real rolu və yeni reallıqları əks etdirməlidir.
Milli valyutalarla ticarətin inkişaf etdirilməsi, balanslı beynəlxalq iqtisadi mexanizmin qurulmasında yeni inkişaf bankı kimi qurumların və müstəqil ödəmə mexanizmlərinin möhkəmləndirilməsi diqqət mərkəzində dura bilər. Birtərəfli sanksiyalara ciddi şəkildə qaşrı çıxmaq istiqamətində müəyyən addımlar atıla bilər”, -deyə o qeyd edib.
İran Prezidenti əlavə edib ki, İran BRICS çərçivəsində nəzərdə tutulan məqsədləri reallaşdırmaq üçün əməkdaşlıq edə bilər. İran qanunun yerini gücün tutmadığı, əməkdaşlığın yerini sanksiyaların tutmadığı, danışıqların yerini müharibənin tutmadığı, ortaq iştirakın yerini monopoliyanın tutmadığı dünyanı istəyir.
