Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Çin şirkətlərinin ölkə ərazisində avtomobil istehsalı müəssisələri yaratmasına müsbət yanaşa biləcəyini bildirib.
Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Çin avtomobil istehsalçılarının ABŞ-də zavod açması amerikalılar üçün yeni iş yerlərinin yaradılmasına imkan verərsə, Vaşinqton bunun əleyhinə olmayacaq.
“Əgər Çin bura gələrək öz avtomobillərini istehsal etmək üçün zavod tikmək istəsə, mən buna qarşı olmazdım”, - deyə Tramp qeyd edib.
ABŞ lideri artıq analoji yanaşmadan istifadə edən Yaponiyanı nümunə göstərib. O, əsas şərtin xarici şirkətlərin amerikalıları işə cəlb etməsi olduğunu vurğulayıb: “Əsas məsələ odur ki, onlar bizim insanları işə götürürlər”.
Bununla yanaşı, Tramp Meksikada daha ucuz avtomobillərin
istehsal olunaraq ABŞ bazarına gətirilməsi ssenarisinə icazə
verməyəcəyini bildirib.