Bakı. Trend:
Bakının Nəsimi rayonunda yol hərəkəti qaydalarını pozan skuter sürücüsü qəzaya düşüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, hadisə Səməd Vurğun və Mirzağa Əliyev küçələrinin kəsişməsində baş verib. Svetoforun qırmızı işığında yolayrıcına daxil olan və üzərində sərnişin daşıyan skuter avtomobillə toqquşub.
NİİM-in müşahidə kameralarının qeydə aldığı görüntülərdən məlum olur ki, skuter sürücüsü hadisədən təxminən 10 saniyə əvvəl də svetoforun qırmızı işığında yolayrıcına daxil olub. Həmin vaxt yol boş olduğundan qəza baş verməyib. Lakin sürücü eyni qayda pozuntusunu təkrarladıqda skuter avtomobillə toqquşub.
NİİM bir daha xatırladıb ki, kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri də digər nəqliyyat vasitələrinin sürücüləri kimi svetoforun siqnallarının tələblərinə əməl etməlidirlər. Həmçinin skuterlə sərnişin daşımaq, eləcə də ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa digər zolaqlarla hərəkət etmək qadağandır.
