Bakı.Trend:
Sistemə nə qədər müəllim lazımdırsa, o sayda müəllim hazırlanmasının tərəfdarıyıq.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.
E. Əmrullayev qeyd edib ki, cari oldə müəllimlik ixtisasına 7 540 yer ayrılıb.
“Ötən illə müqayisədə 3 690 yer azaldılıb. Gözləntimiz odur ki, növbəti illərdə müəllimlik ixtisası rəqabətli peşəyə çevriləcək. İnanırıq ki, müəllim ixtisaslarında qəbulun saylarını azaltmaqla keyfiyyəti artıra bilərik. Sistemə nə qədər müəllim lazımdırsa, o qədər hazırlamağın tərəfdarıyıq, nəinki kütləvi hazırlığın. Bu proses kifayət qədər ağırdır.
Plan yerlərində müəyyən azalmalar yəqin, gələn illərdə də olacaq, amma bu qədər kəskin olmayacaq”,- deyə nazir bildirib.
E.Əmrullayev vurğulaylb ki, bir çox ali təhsil müəssisələrinə aşağı bal ilə müəllimlik ixtisaslarına qəbul olan tələbələr məzun olduqdan sonra MİQ imtahanında heç minimal balı toplaya bilmirlər.
“Buna görə biz tələbələrin, eləcə də öz vaxtımıza və təhsilin keyfiyyətinə hörmət baxımından bu qərarı aldıq”,- deyə o bildirib.
