Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilib (FOTO) (YENİLƏNİB)

Siyasət Xəbər 15 Sentyabr 2026 11:20 (UTC +04:00)
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilib (FOTO) (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı panel iclası keçirilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, iclasda Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin və Azərbaycan rəsmiləri, Milli Məclisin deputatları, hər iki ölkədən ekspertlər, media nümayəndələri iştirak ediblər.

Panel iclasında Türk dünyasında əməkdaşlığın inkişafı, ortaq dəyərlər və ortaq gələcək vizyonunun formalaşdırılması, informasiya və kommunikasiya sahəsində qarşılıqlı fəaliyyət, eləcə də qlobal çağırışlar fonunda Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbərinin köməkçisi Fərhad Pirinççi bildirib ki, Türk Dövlətləri Təşkilatı hazırda ən effektiv təşkilatlardan biridir, onun regional və qlobal aləmdə rolu artır.

O qeyd edib ki, təşkilat olaraq görülən işlər bəllidir və bundan daha çox işlər görüləcək.

“Bu panel sessiyası bütün Türk dövlətlərində həyata keçiriləcək. Burada bizim əsas məqsədimiz TDT Zirvə görüşünə gedən yolda müştərək fikir mübadiləsi aparmaq, təcrübə mübadiləsi etməkdir. Bu TDT-nin regional və beynəlxalq aktor kimi özünü təkmilləşdirməsi baxımından çox önəmlidir. Amma, sözsüz, bu gün bizim olduğumuz vəziyyət hələ yetərli deyil, daha da inkişaf edəcək, çünki bu potensial TDT də var”,- deyə o əlavə edib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbəri Burhanettin Duran iclasa videomüraciəti zamanı qeyd edib ki, hazırda dünyada bir çox təhdidlər mövcuddur və bu kontekstdə Türk dövlətlərinin birlikdə addımlar atması zəruridir.

O qeyd edib ki, Türk dünyasının gələcəyi bir-birimizə bağlı köklü keçmişimizdən və sabaha baxışımızdan asılıdır.

“Dezinformasiya və digər təhdid səpkili məsələlərlə mübarizə baxımından media və kommunikasiya sahəsində Türk dövlətləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi mühümdür. Biz regional və beynəlxalq münaqişələrdə faydalı olmağa, o problemləri çözməyə çalışmaqda davam edəcəyik”,- deyə o bildirib.

Türkiyə Prezidentinin baş müşaviri Seyit Sertçelik çıxışında qeyd edib ki, hazırda Azərbaycan çox güclü və qlobal arenada sözünü deyən bir ölkədir.

O əlavə edib ki, Türk Dövlətləri Təşkilatının inkişafında ölkə başçılarının rolu böyükdür.

“Türk Dövlətləri Təşkilatı hazırda beynəlxalq aləmdə ciddi aktor kimi formalaşır. TDT olaraq regionda sülh və əmin-amanlıq üçün çalışırıq. Hazırda dünyada müxtəlif təhdidlər mövcuddur. Belə bir dönəmdə birlik olmağımız əhəmiyyət kəsb edir. Biz bölgədə yalnız sülh və əmin-amanlıq üçün çalışırıq”,- deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti