Bakı. Trend:
2026-cı ilin ilk 6 ayında Azərbaycana daxil olan pul baratlarının
həcmi 40 faiz artaraq 748, 464 milyon dollara bərabər olub.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin ilk yarımilinə dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
S.Nəsirov bildirib ki, təkrar gəlirlər balansında xalis pul
baratlarının daxilolması 540 milyon ABŞ dolları təşkil edib.
"Ölkəyə daxil olan pul baratlarının həcmi 40 faiz artaraq 748
milyon dollara bərabər olub. Bu daxilolmalarda əsas paya sahib
ölkələr Rusiya, Türkiyə, ABŞ, İrlandiya və Gürcüstandır. Ölkədən
çıxan pul baratları isə 13 faiz azalaraq 207,878 milyon dollara
düşüb. Burada isə əsas ölkələr sırasına Türkiyə, ABŞ, Rusiya və
Gürcüstan daxildir", — deyə departament direktoru vurğulayıb.
Xidmətlər balansındakı dinamikaya toxunan AMB rəsmisi qeyd edib ki, bu sahədə yaranan 1 milyard dollarlıq kəsir neft-qaz sektorunda tikinti və işgüzar xidmətlərlə bağlıdır: "Buna baxmayaraq, nəqliyyat xidmətləri üzrə 941 milyon dollar və turizm xidmətləri üzrə 138 milyon dollarlıq profisit sözügedən kəsiri əhəmiyyətli dərəcədə azaldıb. İlkin gəlirlər balansının kəsiri isə 16 faiz azalaraq 907-908 milyon dollar arasında formalaşıb".
S.Nəsirov əlavə edib ki, kapital və maliyyə hərəkəti balansında 3 milyard dollar kəsir qeydə alınıb. Onun sözlərinə görə, bu kəsirə xarici maliyyə aktivlərinin 3,3 milyard dollar, xarici maliyyə öhdəliklərinin isə təxminən 300 milyon dollar artması təsir göstərib.
Eyni zamanda, tədiyyə balansının ehtiyat aktivlərinin reallaşmış hissəsinin 1,4 milyard dollar artdığını diqqətə çatdıran departament direktoru ölkənin valyuta imkanlarını da açıqlayıb: "Strateji valyuta ehtiyatlarımız 6 ayın yekunlarına görə 85,8 milyard dollar təşkil edib, 8 ayın yekunlarına görə isə bu göstərici daha da artaraq 90,8 milyard dollara çatıb".
