Azərbaycandan xaricə 5 milyard dollarlıq birbaşa investisiya yatırılıb

İqtisadiyyat Xəbər 15 Sentyabr 2026 11:25 (UTC +04:00)
Azərbaycandan xaricə 5 milyard dollarlıq birbaşa investisiya yatırılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin ilk yarısında Azərbaycandan xaricə təxminən 5 milyard dollar həcmində birbaşa investisiya yatırılıb.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin ilk yarımilinə dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, xaricə yatırılan birbaşa investisiyalar üzrə 4,4 milyard dollar həcmində kəsir formalaşıb.

“Xaricə yatırılan birbaşa investisiyalar üzrə ilk beşlikdə İtaliya, Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan yer alıb”, - deyə Samir Nəsirov bildirib.

O qeyd edib ki, İtaliyaya yatırılan investisiyalardakı artımın əsas səbəbi ölkənin aparıcı özəl enerji və yanacaq paylanması şirkətlərindən biri olan "Italiana Petroli"nin səhm paketinin alınması olub. Əməliyyatın həcmi təxminən 3,2-3,3 milyard dollar təşkil edib.

AMB rəsmisinin sözlərinə görə, hesabat dövründə Azərbaycan iqtisadiyyatına 3,6 milyard dollar həcmində birbaşa xarici investisiya cəlb olunub.

“Ölkə iqtisadiyyatına birbaşa xarici investisiya yatıran əsas ölkələr Böyük Britaniya, Türkiyə, Kipr, Rusiya və İran olub”, - deyə o bildirib.

Samir Nəsirov bildirib ki, Azərbaycan iqtisadiyyatına yatırılmış 3,667 milyard dollarlıq birbaşa xarici investisiyaya qarşılıq ölkədən 3,8 milyard dollar həcmində repatriasiya həyata keçirilib. Onun sözlərinə görə, repatriasiya əsasən xam neft və təbii qaz şəklində reallaşıb.

AMB rəsmisi ilkin gəlirlər balansının dinamikasına da toxunub. O qeyd edib ki, neft və qaz qiymətləri artdıqca mənfəətin repatriasiya səviyyəsi də yüksəlməyə meyil edir.

“İlkin investisiya portfelindən ölkə xaricinə çıxan faiz repatriasiyası xalis olaraq 1,4 milyard dollar kəsirlə formalaşıb”, - deyə Nəsirov vurğulayıb.

Onun sözlərinə görə, ilkin gəlirlər balansında sabitliyi təmin edən mühüm maddələrdən biri qiymətli kağızlar portfelindən əldə olunan faiz gəlirləridir.

“Portfel investisiyalarında xarici aktivlərin artması növbəti dövrlərdə ölkəyə daxil olan faiz gəlirlərinin yüksəlməsinə imkan yaradır. Hesabat dövründə xaricdə qiymətli kağızlara yatırılmış portfel investisiyalarından əldə olunan xalis faiz gəliri 606 milyon dollar təşkil edib və bu maddə üzrə profisit yaranıb”, - deyə o bildirib.

Samir Nəsirov qeyd edib ki, ümumilikdə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artaraq 4,7 milyard dollara çatıb.

“Cari əməliyyatlar balansının profisitini şərtləndirən əsas amillər xarici ticarət balansı və təkrar gəlirlər balansı olub”, - deyə AMB rəsmisi əlavə edib.

O bildirib ki, 2026-cı ilin ilk yarısında kapital və maliyyə hərəkəti balansında 3 milyard dollar kəsir yaranıb.
“Kəsiri şərtləndirən əsas amillər xalis xarici maliyyə aktivlərinin 3,3 milyard dollar, xalis xarici maliyyə öhdəliklərinin isə təxminən 300 milyon dollar artmasıdır”, - deyə Nəsirov bildirib.

Portfel investisiyalarına toxunan AMB rəsmisi qeyd edib ki, bu maddə üzrə kəsirin əsas səbəbi öhdəliklərin əhəmiyyətli dərəcədə azalması olub.

“Portfel investisiyaları üzrə öhdəliklərdə hesabat dövründə 2 milyard dollara yaxın azalma baş verib. Buna səbəb Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində emissiya edilmiş avroistiqrazların geri alınması əməliyyatının həyata keçirilməsidir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu əməliyyat Azərbaycanın xarici öhdəliklərinin azalmasına və böyük həcmli borc öhdəliyinin uğurla icra edilməsinə imkan verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti