Bakı. Trend:
ABŞ Müharibə Nazirliyi hazırkı və keçmiş əməkdaşlarına uçan naməlum obyektlər (UNO) və naməlum anomal hadisələrlə bağlı aparılan araşdırmalar barədə məlumatları açıqlamaq hüququ verib.
Bu barədə Pentaqonun bəyanatında bildirilib.
Sənəddə qeyd olunur ki, Pentaqon rəhbərliyi Prezident Donald Trampın birbaşa göstərişinə əsasən, məxfi məlumatların açıqlanmasına qoyulan məhdudiyyətlərə istisna tətbiq edib. Bu qərar keçmiş və hazırkı əməkdaşlara UNO-larla bağlı milli müdafiə xarakterli məlumatları xüsusi prezident açıqlama sisteminin nümayəndələrinə təqdim etməyə imkan verən hüquqi mexanizm yaradıb.
Bəyanatda həmçinin vurğulanıb ki, əməkdaşlar sözügedən məlumatları paylaşdıqları üçün təqibə məruz qalmaqdan və ya məxfi məlumatlara çıxış imkanlarını itirməkdən narahat olmamalıdırlar.
Qeyd edək ki, Donald Tramp daha əvvəl UNO-lar və ehtimal olunan yadplanetli həyat formaları ilə bağlı hökumət sənədlərinin ictimaiyyətə açıqlanması prosesinə başlanması barədə göstəriş verib.