Bakı. Trend:
2026-cı ilin ilk yarısında Azərbaycanın tədiyə balansının kapital və maliyyə hərəkəti balansında, eləcə də ehtiyat aktivlərində əhəmiyyətli dinamika müşahidə olunub.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin ilk yarımilinə dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, hesabat dövründə birbaşa xarici investisiyalar, portfel investisiyaları və digər investisiyalar üzrə mühüm dəyişikliklər baş verib.
Samir Nəsirov bildirib ki, Azərbaycanın xaricə yönəltdiyi birbaşa investisiyaların böyük hissəsi İtaliya energetika sektorunda payın alınması ilə bağlı olub.
“Xarici yatırımların böyük hissəsi İtaliyanın aparıcı neft-qaz və yanacaq şirkətlərindən biri olan Italiana Petroli-nin əsas səhm payının satın alınması hesabına həyata keçirilib”, - deyə o qeyd edib.
AMB rəsmisi portfel investisiyaları üzrə göstəricilərə də toxunub. Onun sözlərinə görə, bu maddə üzrə kəsirin əsas səbəblərindən biri ölkənin maliyyə öhdəliklərinin azalması olub.
“Birinci rübdə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində daha əvvəl emissiya olunmuş avroistiqrazların geri alınması əməliyyatı uğurla həyata keçirilib. Bu addım ölkənin xarici borc və maliyyə öhdəliklərinin azalmasına xidmət edib”, - deyə Samir Nəsirov bildirib.
O, “Digər investisiyalar” maddəsində də artım müşahidə olunduğunu deyib.
“Bu maddə üzrə yaranan profisitin əsas səbəbi öhdəliklərin artmasıdır. İnvestisiya layihələrinin maliyyələşdirilməsi üçün cəlb olunan vəsaitlər ölkəyə daxilolma kimi əks olunub”, - deyə AMB rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, hesabat dövründə “Digər investisiyalar” maddəsi üzrə depozit və nağd valyuta imkanlarının azalması, kreditlərin isə artması müşahidə olunub.
“Bu vəsaitlər birbaşa investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib”, - deyə Nəsirov əlavə edib.
AMB rəsmisi bildirib ki, hesabat dövründə reallaşmış ehtiyat aktivlərində də əhəmiyyətli artım qeydə alınıb.
“Məzənnə dəyişiklikləri və yenidən qiymətləndirmə nəzərə alınmadan, reallaşmış ehtiyat aktivləri 1,4 milyard dollar artıb”, - deyə o bildirib.
